Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı, Ukrayna ordusunun istefada olan general-leytenantı Vüqar Ələsgərovun azyaşlı oğlunun etnik zəmində döyülməsi ilə bağlı zərərçəkənin şikayətinə və hadisədən 10 gün keçməsinə baxmayaraq, hələ də cinayət işi açılmayıb, heç bir tədbir görülməyib.
V. Ələsgərov APA-ya bildirib ki, hadisə baş verən gün Xarkov vilayəti Orconikidze Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib: "Lakin hələ də cinayət işi başlanmayıb, araşdırma aparılmır, əksinə müxtəlif cavablarla məni şikayətimi geri götürməyə təhrik edirlər".
Azərbaycanlı general məsələ ilə bağlı Xarkov Vilayət Prokurorluğuna şikayət teleqramı göndərdiyini deyib: “Əvvəlcə bəhanə etdilər ki, həkim rəyi olmasa, polis cinayət işi aça, tədbir görə bilməz. Həkimdən uşağın sağlamlığına zərər vurulması, ən əsası da psixoloji sarsıntı keçirməsi ilə bağlı rəsmi rəy alıb təqdim edəndən sonra isə başqa bəhanə gətirdilər ki, guya uşaqlarla bağlı cinayət işi açmırlar. Sonra da müxtəlif yollarla mənə eyham vurmağa başladılar ki, şikayəti geri götürüm. Bu bizə qarşı açıq təzyiqdir. 16-17 yaşlı gənclərdən ibarət kütlənin hücumuna məruz qalaraq döyülən 7 yaşlı oğlum artıq o məktəbə getməyə qorxur. Onu təhqir edirlər. Uşaq o qədər psixoloji sarsıntı keçirib ki, dərslərini də hazırlaya bilmir. Məcburam ki, uşağın məktəbini dəyişim. Ancaq yerli orqanların bizə bu münasibətindən sonra digər məktəbdə də oğluma qarşı oxşar halın baş verməyəcəyinə zəmanət yoxdur”.
Qeyd edək ki, noyabrın 4-də V. Ələsgərovun Xarkov şəhəri 71 saylı orta məktəbinin 1-ci sinifdə oxuyan oğlu həmin məktəbin yuxarı sinif şagirdlərinin hücumuna məruz qalaraq döyülüb, təhqirlərə məruz qalıb. Hadisədən xəbər tutaraq məktəbə gedən uşağın anası və atası da məktəb direktoru tərəfindən təhqirə məruz qalaraq, ondan “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?” sözlərini eşidiblər.