Sudanda həftələrdir davam edən etirazların ardından ordu bu gün hakimiyyəti ələ keçirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.
“Reuters” prezident Ömər əl- Bəşirin istefa verdiyini bildirir. Dövlət televiziya kanalı “Al Mayadeen” də ordunun prezident Ömər əl-Bəşir və hökumətin səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
Məlumata görə hərbi çevrilişdən dərhal sonra ölkədə kütləvi həbslər başlayıb. Ordu hakim Milli Konqres Partiyası liderlərinin həbsinə başlayıb, partiyanın 100-dən çox üzvü isə ölkə xüsusi xidmət orqanları tərəfindən saxlanıb. Saxlananlar arasında partiyanın sədri və keçmiş müdafiə naziri Abduurrahim Muhammed Hüseyn də var.
Bütün ölkə ərazisində uçuşlar dayandırılıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda prezident Ömər Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.