İsrail və Rusiyanın fərqli motivləri olduğuna görə Qolan yüksəklikləri və Krımla bağlı vəziyyəti eyniləşdirmək mümkün deyil. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər veri ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Pompeo ABŞ Senatında dinləmələr zamanı bildirib ki, İsrail Qolan yüksəkliklərini Suriyadan müdafiə olunmaq məqsədilə ələ keçirib, Rusiya isə Krımı Ukraynadan ona heç bir təhlükə olmadığı halda işğal edib.
“Bir-birindən fərqli başqa vəziyyəti təsəvvür etmək çətindir” – deyə, Pompeo İsralin Qolan yüksəkliklərini ələ keçirmək və Rusiyanın Krım ilhaq etməsi arasında fərqləri izah etməyə çalışarkən bildirib.
Pompeonun sözlərinə görə, Qolan yüksəklikləri “hücuma məruz qaldıqdan” sonra İsrailin bir hissəsi olub. “İsrail müdafiə olunurdu, onun mövcudluğu təhlükə qarşısında idi”, Pompeo bildirib. Dövlət katibi Qolan yüksəkliklərinin ələ keçirilməsinin Suriya rejimindən “müdafiə olunmaq” üçün zəruri olduğunu deyib.
“Rusiya müdafiə olunmurdu. Rusiya ona təhlükə törətməyən xalqın ərazisini işğal etmək üçün məqam tapıb”, Pompeo bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 25-də İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan fərman imzalayıb. Avropa İttifaqı, Ərəb Liqası, Türkiyə, Suriya, İran, Rusiya və başqa ölkələr ABŞ prezidentinin qərarını qınayıb.
Qolan yüksəklikləri 1967-ci ildə altı günlük müharibə zamanı İsrail tərəfindən ələ keçirilib və o zamandan bəri İsrailin nəzarəti altındadır.