“Bakı-Xəbər”in 5 iyul tarixli sayında “Araz” market kolbasanı 12 manatdan guya 7.79-a endirib, halbuki, “Bravo” çoxdan bu qiymətə satır” başlıqlı yazı dərc olunub.
Yazıda “Araz” Supermarketlər şəbəkəsinin saxta endirim kampaniyası ilə məşğul olduğundan bəhs olunub. Bununla bağlı sosial media istifadəçilərinin faktlara söykənən məlumatları öz əksini tapıb. Məlum olub ki, “Araz” Supermarketlərində 12 manat qiyməti olan kolbasa guya 7.79-a endirimə düşüb. Halbuki, həmin kolbasanın qiyməti hər zaman 7.79 olub. Qiyməti digər marketlərlə müqayisə edəndə həmin kolbasanın “Bravo”da endirimsiz 7.79-a olduğu məlum olub. Məsələ ilə bağlı “Araz” Supermarketlər şəbəkəsinin mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. “Araz” Supermarketlər şəbəkəsinin qaynar xəttindən bizimlə əlaqə saxlanılacağı deyilsə də, bu baş vermədi.
Yazı dərc olunandan sonra “Araz” Supermarketlər şəbəkəsinin təmsilçisi Həmidə xanım baş redaktorumuzla əlaqə saxlayaraq yazılanlarla razılaşmadığını deyib. O cümlədən, onların mövqeyinin öyrənilməməsindən gileylənib. Bu səbəbdən Həmidə xanımla əlaqə saxladıq. O, açıqlamasında “Araz” Supermarketlər şəbəkəsinin mətbuat şobəsinin məsələyə yazılı izahat verəcəyini və elektron adresimə göndəriləcəyini dedi. Bir müddət gözləsək də qarşı tərəfin cavabı gəlmədi. Növbəti dəfə Həmidə xanımla əlaqə saxladıq və cavabın gecikdiyini dedik. Növbəti dəfə məsələni diqqətdə saxlayacağını dedi, amma əfsuslar olsun ki, hansısa cavab gəlmədi. Sonra əlaqə saxlamaq cəhdlərimiz isə cavabsız qaldı...
Vidadi ORDAHALLI