“Bu ilin yeniliklərindən biri də odur ki, ümumitəhsil məktəblərində 3 ildən az müddətdə çalışan namizədlər bu müsabiqədə yerdəyişmə məqsədilə iştirak edə bilməyəcək”. Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov MİQ-in test imtahanları mərhələsi barədə suallar cavablandırarkən deyib.
Şöbə müdiri tez-tez müəllim dəyişiminin şagirdlərin naliyyətlərinə təsir etdiyini və tətbiq edilən yeniliyin aradan qalxması ilə bağlı hər hansı qərarın olmadığını bildirib: “Yəni onlar işdən ayrıldıqdan sonra müsabiqədə iştirak edə bilərlər. Burada əsas məqsəd şagird naliyyətlərinin və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təəssüflə qeyd etməliyəm ki, müəllimlərin tez-tez yerdəyişmə etməsi, bir şagirdə bir neçə il ərizində eyni fənn üzrə müxtəlif şəxslərin dərs keçməsi o şagirdlərin naliyyətlərinə təsir edir. Qərar bu ildən qüvvəyə minib və düşünürük ki, müsbət nəticə verəcək. Tətbiq edilən bu yeniliyin aradan qaldırılması ilə bağlı isə hər hansı qərar yoxdur”.
Ümumitəhsil məktəblərində 3 ildən az müddətdə çalışan namizədlərin müsabiqədə yerdəyişmə məqsədilə iştirak edə bilməməsi onların narazılığına səbəb olub.
“Elə bölgələr var ki, ibtidai sinifdə hər il bir müəllim dərs deyib, bu vəziyyətdən əziyyət çəkən isə şagirdlərdir”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, müəllimlərin işə qəbul imtahanında köklü dəyişiklik var. Dəyişikliklərin edilməsinə səbəb keyfiyyətin artırılmasıdır: “Müəllimlərin işə qəbulu ilə bağlı bir neçə məhdudiyyət tətbiq edilib. Həmin məhdudiyyətlərdən biri 3 ilə qədər təcrübəsi olmayan müəllimlərin işə qəbul imtahanında iştirak edə bilməyəcəyidir. Əslində, bu müsbət addımdır. Çünki əvvəllər müəllimlər bir yerdə bir az işlədikdən sonra başqa məktəbə keçirdi. Elə bölgələr var ki, ibtidai sinifdə hər il bir müəllim dərs deyib. Bu vəziyyətdən əziyyət çəkən isə şagirdlərdir. Yeni qaydalara görə, müəllimlərin işə qəbul imtahanında iştirak etmək üçün minimum 3 il təcrübəsi olmalıdır”.
Günel CƏLİLOVA