Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Şizofreniyalı xəstələr deyəndə insanların ağlına qeyri-adi hadisələr törədən şəxslər gəlir. Belə insanlar həm özlərinə, həm də ətrafdakılara zərər vura biləcək qədər təhlükəli olurlar. Təəssüf ki, ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlər az deyil.
Bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi üçün istifadə olunan "Haloperidol" dərmanı isə son 4 aydır ki, tapılmır. Bu xəstəlikdən əziyyət çəkənlər qeyd edir ki, kurs müalicəsi bitib, lakin yenə də əvvəlki kimidilər: “Dərmansız zülmlə yaşayıram. Nə etsəm də, heç nəyin davranışıma xeyri yoxdur. Özümü ələ ala, hisslərimi idarə edə bilmirəm. O dərman baha da olsa, ondan başqa heç nəyin mənə faydası yoxdur".
Əczaçılar da 4 aydır həmin dərmanın ölkəyə gətirilməməsini təsdiq edir.
“Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bu dərmanın ölkəmizə gətirilməsində çətinlik yaradır”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, psixiatriya ilə cüzi də olsa əlaqəsi olan hər kəs "Haloperidol" dərmanı haqda məlumatlıdır: “Psixiatriyada "haloperidol" çox önəmlidir. Son aylar şizofreniya xəstəsinin əsas ehtiyaclarından olan bu dərman tapılmır. Bu dərmanı istifadə edən xəstə və yaxınlarının vəziyyətini onsuz təsəvvür etmək çətindir.
Onu da deyim ki, bu dərman Azərbaycana əsasən Rusiya, Belarus və Ukraynadan gətirilirdi. Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bu dərmanın ölkəmizə gətirilməsində çətinlik yaradır. Alternativ dərmanlar var. Ancaq onlar "haloperidol” kimi effektli deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, şizofreniya xəstəliyi vaxtında aşkarlanarsa, müalicəyə zamanında başlanarsa, şiddətlənmiş simptomların aradan qaldırılması, xəstələrin cəmiyyətə, gündəlik həyatlarına, işlərinə qaytarılması mümkün olur. Ona görə də vaxtında diaqnoz qoyulması, erkən müdaxilə edilməsi çox önəmlidir: "Şizofreniya beyində olan bir sıra maddələrin tənzimlənməsinin pozulması, xüsusilə dopomin deyilən maddənin artması ilə müşahidə olunan bir proses, beyin funksiyalarının pozulmasından yaranan problemdir. Şizofreniyaya xas xüsusiyyətlərin məhz bu maddənin artması ilə bağlı olduğu artıq sübut olunub”.
Günel CƏLİLOVA