Su həyat deməkdir. Bütün canlıların yaşaması üçün suya ehtiyacı olduğuna görə bəşəriyyət yaranandan bu qida növü həyatda ən vacib amillərdən sayılır.
Dövrümüzdə isə bəzi hallarda insanların belə vacib tələbatlarından istifadə edərək daha çox pul qazanmaq üçün müxtəlif vasitələrə əl atanlar var. Məlumdur ki, ölkəmizin bir çox regionlarında dünyanın heç yerində olmayan, müxtəlif xətəliklərin dərmanı kimi istifadə edilən mineral sular mövcuddur. Onlarla yanaşı, saysız-hesabsız digər bulaqlar və su ehtiyatları da var. Bir çox əyani təhlillər göstərir ki, bəzi hallarda su istehsal edən şirkətlər heç də qabların üstündə yazıldığı kimi, həmin bulaqlardan deyil, adi sulardan istifadə edir, zərərli maddələr təmizlənmir. Hətta buna görə bir neçə şirkət rəhbəri hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə də cəlb olunub. Hər şirkət öz məhsulunu müxtəlif qiymətə bazara çıxarır. İstər marketlərdən alınan, istərsə də evlərə çatdırılan sularla bağlı narazılıqlar səslənir. Bəzi hallarda onların kran suyundan fərqlənmədiyi bildirilir. Bu suların bəzilərinin harada qablaşdırılması, necə təmizlənməsi isə bəlli deyil. Dəfələrlə dövlət qurumları tərəfindən qanunsuz su qablaşdıran məntəqələr aşkarlanıb.
Eyyub Hüseynov: “Quyu suyunu, artezian suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edənlər az deyil”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, əksər sahələrdə olduğu kimi, su satışında da istehlakçılar aldadılır, onların hüquqları qorunmur: "Təmizlənmiş su adı altında satışa sular çıxarırlar. Elm hələ aşkar etməyib ki, hansı orqanizmə hansı tərkibli su uyğundur. Suyu araşdırmaq üçün onun 300 parametri araşdırmalıdır. Səhv fikirdir ki, bulanıq su içəndə böyrəkdə daş əmələ gəlir. Suyun ilahiliyini dərk etmək lazımdır, mən isə onu dərk etmişəm".
Ekspertin sözlərinə görə, ölkənin əmətəə bazarında 1litri 9 manata, eyni zamanda 40 qəpiyə təklif edilən sular var: “Əhali zəng vurub deyir ki, litri 9 manata olan suyun tərkibində də H2O var, niyə bu qədər baha satılır? Məsələ sadəcə istehsalçıları manipulyasiya etmək, aldatmaqdır. Su filterçiləri deyilən 20 nəfərə yaxın cəmiyyət var ki , kəndbəkənd, şəhərbəşəhər düşüblər çöllərə, guya suyu filtirləyib satırlar. Quyu suyunu, artezian suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edənlərə də rast gəlmək olar. Qida Təhlükəsizlik Agentliyi qidaların, o cümlədən suyun təhlükəsizliyini təmin etməlidir. Yəni suyu içdiyimiz yerdə zəhərlənib ölməyəcəyimizə təminat verməlidir. İqtisadiyyat Nazirliyinə tabe olan Standartlaşdırma İnsitutu da səsini çıxarmır. Bütün sahələrdə olduğu kimi, suyun keyfiyyət məsələsində də susmaq mövqeyini tutublar. Bəzən quyu suyunu, artezian suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edirlər. Qeyd edim ki, eyni su ailədəki 5 nəfərin 1-nə mənfi təsir edə bilər və ya əksinə. İstehlakçılara məsləhət görürəm ki, suyu daimi dəyişib içsinlər. Ən brend suların saxta variantları da var. Su iysiz, dadsız olduğu üçün istehlakçı saxta suyu tanımır. İstehlakçılar su alan zaman onun etiketini yaxşı oxumalıdırlar, qablaşdırmasına diqqət etməlidirilər”.
Pərvanə Mustafayeva: “Suyun keyfiyyəti aşağı olanda immun sistemi zəifləyir”
Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, orqanizmdəki bütün proseslər sudan asılıdır. Suyun keyfiyyəti aşağı olanda immun sistemi zəifləyir: "İnsan bir çox xəstəliklər qarşısında aciz qalır. Sağlam, gözəl, güclü və cavan qalmağımız üçün suyun keyfiyyətinə fikir verməliyik. Lakin içdiyimiz su təmiz deyil. Suyu zərərli bakteriyalardan təmizləmək üçün onu qaynatmaq lazımdır. Lakin suyu qaynatdıqda tərkibində nitrat, pestisidlər, duzlar, ağır metallar təhlükəli hala gəlir. Bu səbəbdən də filtrdən keçirilən suyu içməyə üstünlük verilir. Lakin filtrlər keyfiyyətsiz olduqda, suyu daha da pis vəziyyətə salır. Misal üçün, suyu təmizləmək üçün filtrdəki keyfiyyətsiz kömür təhlükəli olur. Bu cür filtrdən keçən suda qaynadıqda zərərli dioksin yaradan xlor qalır".
Günel CƏLİLOVA