Ürəklərdə taxt quran Lerik şəhidi xatırlandı - Əbülfəz Rəhmətov...

İkinci Qarabağ müharibəsi başlanan gündən kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov də Vətənin qeyrətli oğulların cərgəsində əlinə silah alıb savaş meydanına atılır. O, cəsarətlə döyüşür, düşmənə sarsıdıcı zərbələr endirir, onun çoxlu sayda canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edir.
Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə öz qəhrəmanlığı ilə tarix yazır. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalır. Bütöv bir xalqın qəhrəmanlıq simvolunu özündə yaşadan Əbülfəz Rəhmətov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilir.
Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak edir. Əbülfəz kimi qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayır, hər an ehtiramla xatırlanırlar. Onun doğum gününə gələnlərin sayı bilinmirdi. Torpağı Vətən edən, özünü bu müqəddəs yolda qurban verən şəhidimizin məzarı ziyarət edildi, önünə gül-çiçək dəstələri düzüldü. Çıxış edənlər bildirdilər ki, Əbülfəzin Vətən qarşısında xüsusi xidməti vardır. Onun ömür yolu nə qədər qısa olsa da, olduqca şərəflidir. Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir. Gələcək nəsillər üçün də bir tarix yazıb getdi Əbülfəz.
Lerik Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən partiya təşkilatlarının nümayəndələrin, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərlərin, şəhidin ailə üzvlərin, kənd sakinlərin qatıldığı qürurlu mərasimdə şəhidin valideynləri də çıxış etdilər. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirəndən sonra dedilər ki, oğlumuzun adı özündə Vətəninə, xalqına məhəbbət hissini yaşatmaqla milyonlarla insanın yaddaşından heç zaman silinməyəcək. Əbülfəz hələ uşaqlıqdan ürəyində mənfur düşmənə nifrət bəsləyirdi. Hərbiçi olmağı da yağıdan qisas almaqdan irəli gəldi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü