Müsəlman aləmində ən qutsal bayramlardan biri Qurban bayramıdır ki, əsrlərdir onu ənənəvi olaraq qeyd edirik. Ümumiyyətlə, hər bayramın öz özəllikləri, bənzərsiz xüsusiyyətləri var. Qurban bayramında da qurbanlar kəsilir, nəzir-niyaz paylanır. Bizim ölkədə Qurban bayramında əsasən xırdabuynuzlu heyvanlar, daha dəqiq desək, qoyun kəsilir. Bir qayda olaraq uzun əsrlərdir müsəlmanlar qurban kəsirlər.
Qurban bayramının ölkəmizdə olan adətlərindən biri də nişanlı qızlara qurbanlıq heyvanlar, bununla bərabər xonçalar aparılmasıdır. Əgər əvvəllər qız evinə göndərilən qurbanlıq heyvanların boynuna sadəcə qırmızı lent bağlanırdısa, indi onların təmtəraqlı şəkildə bəzədilməsi bir dəb halını alıb. Oğlan evi tərəfindən heyvanlar müxtəlif əl işləri, bəzəkli aksesuarlarla bəzədilir, başına ağ fata, ayağına tül ayaqqabı geyindirilir, qırmızıya bürünür, buynuzundan mirvari asılır və sairə. Bunun üçün bazarlarda və mağazalarda xüsusi paltarlar da satılır. Bu cür paltarların qiymətləri təxminən 50-150 manat arası olur. Beləliklə, paltarların qiyməti onun parçasından, naxışından asılı olaraq dəyişir. Paytaxtda bəziləri xüsusi bəzək-düzək üçün gül mağazalarına üz tutur. Çünki bu cür yerlərdə heyvanlar daha təmtəraqlı və peşəkarcasına bəzədilir. Bəziləri heyvanı kəsilmiş vəziyyətdə satış məntəqələrindən alır, gül satılan məntəqələrə gətirir, burada isə qurban əti xüsusi səbətlərdə qablaşdırır, qeyri-adi dekorlarla hazırlayıb, qız evinə göndərirlər.
Qurbanlıq heyvanların əndazəni aşan tərzdə bəzədilməsi nə dərəcədə düzgündür?
“Müsəlman aləmində belə bir şey yoxdur ki, qurban kəsiləcək qoyun təpədən-dırnağa bəzədilsin, geydirilsin”
Ilahiyyatçı Cəmşid Əliyev qeyd etdi ki, qurbanlıq qoyunların bəzədilməsi, onlar üçün xüsusi geyimlərin, bəzək əşyalarının olması düzgün deyil: “Ümumiyyətlə, qurbanlıq qoyunların bu vəziyyətə salınması həm islam dininin tələblərinə ziddir, həm qurbanlığın mahiyyəti ilə uyğunluq təşkil etmir, həm də bizim cəmiyyətə, islami görüşlərimizə yaddır. Bu hal yolverilməzdir. Bizim cəmiyyətdə son vaxtlar belə bir halın meydana çıxmasına münasibətim müsbət deyil. Ümumiyyətlə, müsəlman aləmində belə bir şey yoxdur ki, qurban kəsiləcək qoyun təpədən-dırnağa bəzədilsin, geydirilsin. Bu absurd bir işdir. Bizim cəmiyyətdə formalaşdırılan bu yanlış ənənəyə qarşıyam. Heç bir müsəlman ölkəsində qurbanlıq qoyunlar bəzədilmir, geydirilmir. Yalnız Hindistanda belə bir hal mövcuddur, bir də bizdə. Düşünürəm ki, bu ənənə yersizdir və islam dininə, qurbanlıq fəlsəfəsinə ziddir. Qurbanlıq qoyun niyə bəzədilməlidir ki? Bu xoşagəlməz halın qarşısı alınmalıdır. Bu olduqca mənfi bir haldır. İslamda belə bir şey yoxdur”.
Ekspert hesab edir ki, insanlar bu hala yol verməklə, əslində yanlış addım atırlar. İslam dininin israfçılığı rədd etdiyini deyən dinşünasın sözlərinə görə, bu kimi hal həm də israfçılıq nümunəsidir. Bu halın qarşısı alınmalı, bunun növbəti illərdə təkrarlanmamasına çalışmalıyıq. Bu sahədə geniş maarifləndirmə işinə ehtiyac var.
Günel CƏLİLOVA