Uşaq doğulmasına görə yardım 300 manata qaldırıldı...

Akif Nəsirli: “Birdəfəlik yardımın 50 faiz artırılması təqdirəlayiq haldır”

img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib və bu dəyişikliyə əsasən Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətlər üçün ayrılan vəsait artırılır.

Belə ki, Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətlər üçün ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılıb. Dəyişikliklərə əsasən, sözügedən müavinətin məbləği 200 manatdan 300 manata qaldırılıb.

  • “Ailələrin sosial vəziyyətinə müsbət təsir edəcək və onlara stimul verəcək”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu sahədə artımın baş verməsi müsbət haldır: “Ümumiyyətlə götürdükdə, uşaqların doğulmasına görə birdəfəlik yardımın (buna bəzən bələk pulu da deyirlər-A.N) 50 faiz artırılması təqdirəlayiq haldır. Bu artım müsbət qarşılanmalıdır. Hesab edirəm ki, bu, dövlətin ailələrə sosial qayğısının təzahürüdür”.

A.Nəsirlinin sözlərinə görə, bununla yanaşı məbləği təhlil etdikdə görürük ki, MDB məkanında buna bənzər analoji müavinətlər Azərbaycandakından bir neçə dəfə çoxdur. O hesab edir ki, uşaqların doğulmasına görə birdəfəlik müavinətlərin bundan sonra da artırılmasına ehtiyac var. Mərkəz sədrinin bildirdiyinə görə, növbəti illərdə bu istiqamətdə addımlar atılmalıdır: “Gələcəkdə ölkəmizdə də bu müavinətlərin həcmi artırılmalıdır. Buna zərurət var. Hesab edirəm ki, bundan sonra da biz bu sahədə artımların olduğunu müşahidə edəcəyik. Azərbaycanın iqtisadi cəhətdən buna imkanları var və bu baxımdan 300 manatın da artacağına ümid edirik. Amma bütün hallarda artım ailələrin sosial vəziyyətinə müsbət təsir edəcək və onlara stimul verəcək”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər