Buzovna da dəniz “işğalından” azad olundu, bəs Novxanı?

Ilqar Hüseynli: “Əhalidə belə bir rəy yaranacaq ki, bu konkret şəxslərə qarşı yönələn aksiyadır, problemin ümumi həlli üçün deyil”

img

Ötən həftə Bakının Xəzər rayonunun Buzovna kəndi çimərliyində insanların çimərliklərə çıxışına mane olan hasarların, baryerlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılıb və görülən işlər çərçivəsində ərazidəki ən hündür hasar olan milyonlarla dollarlıq villanın hündür beton hasarı sökülüb.

Yerli sakinlərin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküntü işləri davam edir və iş tempi daha da sürətləndirilir. Sahilin hasarların əsarətindən azad edilmiş ərazisi ictimai çimərliklərə birləşdiriləcək. Yerli sakinlər həmin əraziyə baş çəkib və orada simvolik piknik ediblər.

Ancaq bu cür paylaşımların altında maraqlı şərhlərə rast gəlirik. Novxanı qəsəbəsinin sakinləri  və digər vətəndaşlar iddia edirlər ki, dənizin daha çox zəbt edilən ərazisi məhz Novxanının payına düşür. Onlar sual edir: bəs Novxanı nə vaxt hasarlardan  və restoranların “işğalından” azad ediləcək?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-xəbər”ə açıqlamasında bildirdi ki,  bu olduqca aktual bir mövzudur: “Vətəndaşların konstitusion haqlarına qarşı yönələn bir aksiyadır. Bəzi oliqarx məmurlar dənizin hasarlanmasını həyata keçirir. Bilirsiniz ki, dəniz ölkənin təbii sərvəti sayılır. Bu sərvət üzərində heç kəs mülkiyyət hüququna sahib ola bilməz. Dəniz bütün Azərbaycan vətəndaşlarına məxsusdur və hamının ondan istifadə etmək kimi hüququ var. Dənizin çimərliklər sahəsinin hasarlanması hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqlarının pozulması anlamına gəlir. Mərhum Prezident Heydər Əliyev tərəfindən qəbul edilmiş bir qərar da var ki, hətta dənizin  100 metrlik məsafəsində belə tikintilərin aparılmasına icazə verilmir.  O qərar hələ də qüvvədədir. Görünən budur ki, bu qanunun icrasına lazımınca fikir verilməyib. Nəticədə biz  bütün Xəzəryanı ərazilərin zəbt edildiyinin şahidi olduq. Təbiidir ki, bu bütün istqamətlər üzrə baş verməlidir. Şixov istiqamətində Səngəçala qədər  dənizkanarı ərazilər zəbt edilib. Eyni vəziyyəti Novxanıya da aid edə bilərik. Əgər bir yerdə hasarları söküb, digər ərazidə saxlayacaqlarsa,  yenə də  obyektivlik itəcək. Əhalidə belə bir rəy yaranacaq ki, bu konkret şəxslərə qarşı yönələn aksiyadır, problemin ümumi həlli üçün deyil. Yəni yarımçıq tədbir olacaq. Ortaya möhkəm siyasi iradə qoyulmalıdır ki, proses tam olaraq həyata keçirilsin və bu da xalq tərəfindən böyük etimadla qarşılansın. Bu problem illərdir xalqımız tərəfindən narazılıqla qarşılanıb. Hökümət bu problemi həll etməklə öz reytinqini də qaldırmış olar”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər