Şəhidlər unudulmur – Mais Abbasov kimi...

Doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq onun bütövlüyü, dövlətin suverenliyi uğrunda canından keçən igid oğlanların adının tarixdə əbədi qalması və xatirəsinin daim əziz tutulması hər zaman xalqın diqqət mərkəzindədir. Vətən sevgisinin simvolu olan, onun azadlığı naminə tarix yazan şəhidlərimiz sahib olduğumuz ən dəyərli xəzinə kimi gələcək nəsillərə əmanətdir. Bu günlər Lənkəran Mərkəzi Kitabxanasında şəhidimiz Mais Qurbanəli oğlu Abbasovun xatirəsinə təşkil olunan tədbir də eyni məqsəd və amaldan irəli gəlirdi. Vətən sevgisini hər şeydən üstün tutan öz şərəfli ölümləri ilə xalqına baş ucalığı gətirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə Qarabağ müharibəsində qeyrət-namus rəmzi olan Azərbaycanın müqəddəsliyini qorumaq naminə şəhidlik zirvəsinə ucalan M.Abbasovun keçdiyi əzəmətli döyüş yolu, düşmən qarşısındakı əzmli duruşu və mübarizəsi barədə danışıldı. Bildirildi ki, Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant hərbiçi və döyüş yoldaşları üçün də mübarizə rəmzinə çevrilib.
Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında Vətəni, qəhrəmanlığı tərənnüm bədii kompozisiya təqdim olundu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü