Əmlak Komitəsi Göygöl sanatoriyasının rəhbərinin iradlarına cavab verdi...

Dövlət Xidməti: “Əmək kollektivi güzəştli satışda iştirak etmək hüququndan istifadə etməyib”

img

Qəzetimizin ötən saylarından birində Göygöldə yerləşən Kardiorevmatoloji Sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynovun mətbuata müsahibəsinə istinadən “Göygöl Sanatoriyasından Əmlak məsələləri Xidmətinə etiraz - qanunsuzluq edirsiniz...” başlıqlı yazı dərc etmişdik.

K.Hüseynov həmin müsahibəsində iddia etmişdi ki, Göygölün məşhur Kardiorevmatoloji Sanatoriyası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz və saxta imzalarla hərraca çıxarılıb. O, dövlət qurumunun ölkə başçısının müvafiq fərmanına zidd və qanunsuz addım atdığını bildirərək, bununla bağlı məhkəməyə üz tutduğunu demişdi.

Həmin yazı hazırlanarkən K.Hüseynovun iddiaları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aşağıdakı məzmunda sorğu göndərmişdik:

Baş həkimin iddiası nə dərəcədə doğrudur? Doğrudanmı deyilənlər baş verib? İstərdik ki, bu sanatoriyanın hərraca çıxarılması ilə bağlı məlumat verəsiniz...

  • “Qeyd edilən mübahisə üzrə məhkəmə icraatı hazırda davam edir”.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən sorğumuza cavab gəlib və həmin cavabı sizə təqdim edirik. “Səhiyyə Nazirliyinin tabeliyində olan Göygöl şəhəri, Hummel küçəsi, 42 ünvanında yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyası “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açıq elan olunub. Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 21.09.2018-ci il tarixli, 242 nömrəli sərəncamı ilə Göygöl Kardiorevmatoloji Sanatoriyasının hərraca çıxarılması və özəlləşdirilməsi barədə qərar qəbul edilib və bu barədə məlumat “Özəlləşdirmə portalı” (privatization.az) və Xidmətin rəsmi saytında (emlak.gov.az)  yerləşdirilib. Bundan əlavə, 27 avqust 2020-ci il tarixində əmək kollektivi bu barədə tam məlumatlandırılıb və bununla bağlı bütün zəruri sənədlər müəssisə rəhbəri Kamil Hüseynov və baş mühasibin öz imzaları ilə təsdiq edilib.

Sanatoriyanın və onun yerləşdiyi torpaq sahəsinin ilkin start qiyməti 500.000 manat müəyyən edilib, qanunvericiliyə uyğun olaraq, əmlakın dəyərinin 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilib, qalan 85%-lik hissə isə torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb və bu barədə əmək kollektivinə müvafiq bildiriş göndərilib. Lakin əmək kollektivi güzəştli satışda iştirak etmək hüququndan istifadə etməyib və obyekt ikinci dəfə 100% dəyəri ilə, yəni 500.000 manat dəyərlə hərraca çıxarılıb, lakin sifarişçi olmadığından satılmayıb”.

Dövlət Xidmətindən bildirilib ki, “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.6-cı bəndinə  əsasən, dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır: “Bildiririk ki, Göygöl Kardiorevmatoloji Sanatoriyası 12 dəfə hərraca çıxarılıb, lakin sifarişçi olmadığından satılmayıb və 17 noyabr 2020-ci il tarixdə keçirilmiş rəqabətli 13-cü hərracda qanunvericiliyə uyğun olaraq 267.500 manata özəlləşdirilib .

Əlavə olaraq bildiririk ki, Kamil Hüseynov tərəfindən Göygöldə yerləşən Kardiorevmotoloji Sanatoriyanın özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamının və digər sənədlərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilib və qeyd edilən mübahisə üzrə məhkəmə icraatı hazırda davam edir”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər