Qardaş Türkiyənin Osmaniyyə şəhərində Qorqud Ata Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilən “Beynəlxalq Qorqud Ata Elmi Araşdırmalar Konqresi” azərbaycanlı elm adamı Əlvan Cəfərov üçün də uğurlu oldu.
Beynəlxalq tədbirdə “Türk Dünyasının elm mükafatı”na ("Türk Dünyası Bilim Ödülü") layiq görülən Əlvan Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Tədqiqat Mərkəzinin kiçik elmi işçisi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş koordinatorudur.
Beynəlxalq tədbirdən verilən məlumatda bildirilir ki, İKSAD uzun illərdir ki, Türkiyənin, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən universitetlərin, elmi-tədqiqat mərkəzlərinin arasında elmi əlaqələrin qurulmasında yaxından iştirak edir. Təşkilatın Azərbaycanın universitetləri və elmi müəssisələrinin beynəlxaq tədbirlərdə iştirakında da xüsusi xidmətləri vardır. İKSAD bu gün də bu uğurlu fəaliyyətini davam etdirir, elmi əməkdaşlığın qurulmasında və təşkilində, beynəlxalq statuslu tədbirlərin, konfrans və sempoziumların keçirilməsində xüsusi xidmətləri ilə seçilir. Qurumun Azərbaycan üzrə baş koordinatoru olan Əlvan Cəvərov Türk Dünyasına, elmi dairələr arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə bu yüksək mükafata layiq görülüb. Mükafatı həmyerlimizə Osmaniyyə vilayətinin valisi Erdinc Yılmaz təqdim edib.