Məktəbdə formalaşan iş mühiti təlim-tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir.
Direktor məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Məktəblərdə formalaşan iş mühitində direktorla yanaşı, onun müavinlərinin xüsusi rolu var. Ancaq bu gün bəzi məktəblərdə çalışan direktor müavinlərinin ali təhsili ilə bağlı suallar var. Araşdırmalar zamanı altı Kəlbəcər məktəbində direktor müavinlərinin diplumsuz çalışdığı müəyyən edilib. Və həmin şəxslər öz vəzifələrindən azad edilib. Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiq ediblər.
Həmin direktor müavinlərinin işə necə qəbul olduğu maraqlıdır. Onlar qeyri-qanuni şəkildə bu vəzifəyə təyin olunublarsa, deməli, həmin məktəbin nüfuzu və tədris etdiyi təhsilin keyfiyyətindən söhbət gedə bilməz.
"Regionlarda, ucqar kəndlərdə kadr çatışmazlığına görə qeyri-ixtisas fənlərdə dərs deyən müəllimlər var"
Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, Kəlbəcər, Laçın kimi məktəblər bir az diqqətdən kənar qalıb: "Qaçqın məktəbləridir deyə, nəzarət lazımi səviyyədə olmayıb. 6 nəfər diplomsuz direktor müavininin işdən çıxarılması siqnaldır. Regionlarda, ucqar kəndlərdə kadr çatışmazlığına görə qeyri-ixtisas fənlərdə dərs deyən müəllimlər var. Lakin direktor müavininin savadsız olması təhsilə başucalığı gətirmir. Direktor müavini seçiləndə təcrübəli biri müəyyənləşməlidir. Kollektivdə tanınmalıdır. Müəllimlə bağlı belə hallara yol verilir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, direktor müavini vəzifəsi məsuliyyət daşıyır, məktəbi idarə edəndir.
Günel CƏLİLOVA