Yay ayları insanları istidən qorunmaq problemi ilə üz-üzə qoyur. İsti aylarda əhali əsasən bağlara, yaylaqlara axışır. Amma bu heç də hamıya qismət olmur. Bir çox insanlar yayın qızmar çağında da işləməyə məcburdur.
Paytaxt Bakıda əhalinin gediş-gəlişi əsasən avtobuslarladır. İsti yay günlərində ictimai nəqliyyatdan istifadə edən sərnişinlər avtobuslarda kondisionerin olmamasından şikayət edir. Bir tək "BakuBus" MMC avtobuslarından istifadə edən sərnişinlər belə problemdən əziyyət çəkmir. Çünki həmin avtobuslarda kondisioner sistemi mövcuddur.
Digər daşıyıcılarda kondisionerin quraşdırılmaması problemi illərdir mövcuddur.
Mais Ağayev: “Müntəzəm sərnişin daşımalara cəlb edilən avtobuslarda sərinləndirmə sisteminin olması tələb olaraq müəyyən edilib”
Məlum məsələ ilə bağlı fikir bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, Bakıda avtobus parkının yenilənməsi ilə bağlı daşıyıcı şirkətlərə tapşırıq verilib: “Müntəzəm sərnişin daşımalara cəlb edilən avtobuslarda sərinləndirmə sisteminin olması tələb olaraq müəyyən edilib. Ötən dövr ərzində paytaxta gətirilən avtobuslarda bu sistem mövcuddur. Sərinləndirmə sistemi olmayan avtobusların istismardan kənarlaşdırılması mərhələli şəkildə həyata keçirilə bilər”.
Elxan Əliyev: “Bəzi şirkətlər məsrəflərə qənaət etmək üçün soyutma sistemini işə salmırlar”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, köhnə avtobuslar zəruri avadanlıqlarla təchiz edilməlidir: “Məsələn, kondisioner, qışda isitmə sistemilə. Çox zaman daşıyıcı şirkətlər bu tövsiyələrə elə də əhəmiyyət vermir. Nəticə etibarilə bu gün bizim yollarda hələ ki, həmin tələblərə cavab verməyən sərnişindaşıma xidmətlərini həyata keçirən avtobusların olduğunu görürük. Bəzi şirkətlər məsrəflərə qənaət etmək üçün soyutma sistemini işə salmırlar. Avtobuslarda kondisioner sistemi olsa da, onları işlək vəziyyətdə saxlamırlar. Yalnız əhali narazı olduğu təqdirdə o sistem işə salınır. Bu, xoşagələn hal deyil. İstənilən halda, bu gün kimsə məsrəflərdən yayınırsa, o, əhalinin kəskin narazılığına səbəb olur, bu da sonradan onları daha ağır nəticələrə gətirib çıxara bilər”.
Günel CƏLİLOVA