Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmur. Həmin məhsullara tələbat idxal hesabına təmin edilir. Ancaq məsələ ondadır ki, ölkədə istehsal olunmayan bir qisim məhsullara rüsumlar tətbiq olunmasa, bu daha məqsədəuyğun olar.
Məsələn, Azərbaycanda əlilliyi olanlar üçün araba istehsal olunmur. Bununla bağlı ehtiyaclar idxal hesabına təmin edilir. Ancaq təəccüb doğuran məqam odur ki, əlil arabalarının idxalına görə 15 faiz gömrük, 18 faiz isə ƏDV tətbiq olunur. Mühərrikli əlil arabasının qiyməti 2000 manatdan aşağı deyil. Mexaniki arabanın qiyməti isə 1000 manatdan aşağı deyil. Bu səbəbdən bir çox əlilliyi olanlar vaxtında arabanı yeniləyə bilmir. Çünki qiymət bahadır. Ölkədə əlil arabaları istehsal olunsaydı, hardasa rüsumların tətbiqini anlamaq olardı. O mənada ki, daxili istehsalı qorumaq, rəqabət nöqteyi-nəzərindən bu düzgün sayılardı. Üstəlik, əlil arabalarının idxal rüsumlarından azad olunmasının iqtisadiyyata elə böyük ziyanı da yoxdur. Əksinə bu, sözügedən vasitələrin qiymət baxımından daha əlverişli olmasına şərait yaradar.
Maraqlıdır, əlil arabalarına görə idxal vergisinin tətbiqi nə dərəcədə doğrudur?
“... əlilliyi olan şəxs özü üçün Türkiyədən və yaxud da hansısa digər bir ölkədən araba sifariş edirsə...”
Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli əlil arabalarının idxal rüsumlarından azad edilməsinə birmənalı prizmadan yanaşmadı: “Ümumən, təkərli əlil arabaları reabilitasiya vasitəsinin bir formasıdır. Dövlət tərəfindən gətirilir və təmənnasız olaraq əlilliyi olan şəxslərə verilir. Ancaq həmin arabaları kommersiya və digər məqsədlər üçün də gətirənlər var. Yəni kimsə kommersiya, kimsə humanitar məqsədlər üçün əlil arabaları gətirir. Əlil arabalarını təmənnasız olaraq paylayan şəxslər də var. Əlil arabaları rüsumlardan azad edilsə, o zaman humanitar məqsədlər üçün bunu gətirənlər çox olacaq. Onu da qeyd edim ki, əlil arabalarının qiyməti onun keyfiyyətinə və funksionallığına görə dəyişir. 2000 manat və ondan daha yüksək qiymətə olan əlil arabaları var. Kommersiya məqsədi ilə əlil arabaları ölkəyə gətirilirsə, o zaman rüsumlardan azad olunmanın tərəfdarı deyiləm. Ona görə ki, burada sui-istifadə halları ola bilər. Bizdə müsbət haldır ki, dövlət öz hesabına əlilliyi olan şəxsləri reablitasiya vasitələri ilə təmin edir. Ancaq hansısa əlilliyi olan şəxs özü üçün Türkiyədən və yaxud da hansısa digər bir ölkədən araba sifariş edirsə, buna idxal rüsumunun tətbiq edilməsi doğru deyil. Fikrimcə, bu məqsədlə gətirilən arabalar rüsumdan azad edilməlidir”.
Bir sözlə, ƏTİ sədri hesab edir ki, bu məsələyə yenidən baxmaq olar.
Vidadi ORDAHALLI