Repetitorlar barədə Təhsil nazirinin yeni açıqlaması da mübahisə doğurdu..

Kamran Əsədov: “Repetitorluq təhsilin səviyyəsini aşağı salmır, əksinə, yalnız yüksəldir”

img

Təhsil naziri Emin Əmrullayevin “Repetitorlar bu gün şagirdin hansısa imtahanda ən yaxşı halda 5-10 bal artıq yığmasına xidmət edir. 9-cu sinfin nəticələri zəif olan şagirdlərə repetitorlar belə kömək edə bilmir” açıqlaması müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdəki müzakirələrdən əksər insanların nazirin bu fikirləri ilə razılaşmadığı görünür. Hətta müzakirələrə qoşulan müəllim və tələbələr də hesab edirlər ki, şagirdlərin imtahanlarda yüksək bal toplamasında, onların ali məktəblərə qəbulunda repetitorların mühüm rolu var.

Ekspertlər qeyd edir ki, 15-20 il bundan öncə yalnız 10-11-ci sinifdə oxuyan şagirdlər ali məktəblərə qəbul imtahanlarında lazımi nəticə göstərmək üçün repetitor xidmətindən istifadə edirdi. İndi isə yuxarı və aşağı siniflərdən asılı olmayaraq, bütün şagirdlər repetitor xidmətindən istifadə edir.  Mütəxəssislərin fikrincə, şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf edər.

  • “Bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki,  orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz: “Əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm də məktəb dərsin keyfiyyətinə fikir versin”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, repetitorluq təhsilin səviyyəsini aşağı salmır, əksinə, yalnız yüksəldir. Bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər