Hazırda Lerik rayonunun kəndlərini zəlil günə qoyan problemlərin sayı bilinmir. Bu səbəbdən dağlar diyarının əksər yaşayış məntəqələri boşalıb. Çox yerdə sovet vaxtı tikilmiş yaraşıqlı aynabəndli evlər sahibsiz qaldığına görə dağılıb gedir. Xarabalığa dönən kəndlər əsl fəlakətdən xəbər verir. Azərbaycan müstəqil olan gündən rayona vəzifə başına gələnlər yalnız dövlətin buranın inkişafı üçün ayırdığı vəsaitləri çapıb-talamaqla məşğul olublar. Nəticədə onların özlərinə yaratdığı şahlar taxtı Lerikdə neçə-neçə kəndin ömrünə soy qoyubdur. İndinin özündə də lerikli kəndlisi sosial problemlər məngənəsində can verdiyi halda, vəzifə başında duranlar eş-işrətdən qalmırlar. Dövlətin xalqın rahatlığı üçün ayırdığı pulla özlərinə, yaxınlarına, hətta yeddi arxlarına elə bir haram həyat qurublar ki, top-tüfənglə də onları yerindən tərpətmək olmaz...
Lerikdə ölkə rəhbərin insanların rifahı naminə verdiyi qanunların heç biri həyata keçmir. Əksinə burada kənd adamına qənim kəsilən kreslo sahibləri yarıtmaz fəaliyyəti ilə respublikada görülən müsbət işlərə xələl gətirirlər. Vətənin, xalqın qeyrəti çəkənləri də fiziki, mənəvi cəhətdən məhv edirlər.
Rayonun kəndləri başdan-baş problemdir. Sadəcə Lerik kəndlisi elə yerli məmurların öz mənafeyi naminə yaratdığı süni maneələr hesabına insan kimi yaşamır, əzab-əziyyət içində can verir. Hər şey bir yana qalsın, kənd dükanlarında olan özbaşınalıq burada insanları daha çıxılmaz hala salıbdır. Yaşayış məntəqələrində bankomatın, ictimai nəqliyyatın yoxluğu üzündən yaşlı adamlar aylarla dövlətdən aldığı pensiya pullarına həsrət qalırlar. Daha bir dəhşətli hal odur ki, Lerikin çox kəndində evləri isitməyə yanacaq tapmaq müşkül məsələdir. Qaz yox, meşələr də insanların üzünə bağlanıbdır. Sovet dağılanı Lerik kəndlisinin qara günləri başlanıb. İnsanların bütün rahatlığı sanki bilə-bilə onların əlindən alınıbdır.
Ümumiyyətlə, Lerikdə dağ kəndlərinin sonluğu başlanıb ki, indiki məmur özbaşınalığı davam edərkən bunun qarşısı çətin alına...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü