Mən - Heydərov Abasyar Mövlud oğlu, oğlum Heydərov Bəfadar Abasyar oğlunu 03 may 2022-ci il tarixində ağır vəziyyətdə yataq xəstəsi, “qara ciyərin serrozu” diaqnozu ilə Gömrük Xəstəxanasına yerləşdirdim.
İlk gündən cərrah-transpatoloq Mircəlal cərrah onun müalicəsinə başladı. Hər gün, hər saat cərrah-həkim Mircəlal Kazımi və Kamran Beydullayevin qəbulunda onlarla xəstə qəbula gəlir və hər gün qara ciyər və böyrək köçürmə əməliyyatları aparılırdı.
Mən düz 40 gün xəstəxanada oldum, yüzlərlə xəstənin necə sağaldığını gördüm. Hər bir tibb bacısı, oranın baş həkimi Məmmədov Elman və digərlərinin insanları necə qəbul edib, gülər üzlə yola saldıqlarının şahidi oldum.
Cərrah Mircəlal həkim 500-dən artıq xəstəyə böyrək, 280 nəfərə isə qara ciyər əməliyyatı keçirib. Bu insan xəstələrə ikinci həyat verib.
Oğlum Bəfadar çox ağır koma vəziyyətində çox ciddi müalicə olundu. Demək olar ki, ümidimizi itirmişdik. Mircəlal cərrah 9(doqquz) saat əməliyyat edərək oğlumu həyata qaytardı, indi vəziyyəti stabildir. Mən ona bir ata kimi öz minnətdarlığımı bildirirəm ki, oğlumu iki körpə uşağına, ata-anasına qaytardı. Bu gün dövlətçiliyimiz xalqın belə xilaskar oğlulları ilə fəxr edir.
O çətin anlarda mənə hər cür dəstək verən ziyalılarımıza, tibb işçilərinə, yaxın qohum-qardaşlarıma minnətdarlığımı bildirirəm.
Qəbulda səhər tezdən 8:30 radələrində həyəcanla bir qadın Mircəlal həkimi gözləyirdi. Mən onun həyəcanlı olduğunu görüb, səbəbini soruşdum. O dedi ki, mənim oğlumu Mircəlal həkim səhər saat 5-ə kimi əməliyyat edib. İndi onu gözləyirəm. Mən dedim ki, o gələcək. O dedi ki, mənə söz verib. Saat 9:00-da Mircəlal həkim işə gəldi. Baxmayaraq ki, bütün gecəni yatmamış, bir insanın təkrar həyatda qalıb yaşaması üçün səhərə kimi enerjisini sərf etmişdi.
Bu gün belə insanlarla fəxr edir, Uca Tanrıdan ona uzun ömür, can sağlığı və gələcək işlərində uğurlar diləyirəm.
Abasyar HEYDƏROV
Xaçmaz rayonu