Goranboyun bir sıra kəndlərində əkin sahələri artezian quyuları ilə suvarılır. Ancaq sözügedən quyuların nasosları yenilənmədiyi üçün əkinlə məşğul olanlar tez-tez problemlərlə üzləşirlər. Nəticədə əkilən məhsul yanır və çəkilən əziyyət boşa gedir.
Goranboyun Şıxlar kəndində sakinlər çıxılmaz durumla üzləşiblər. Artezian quyusu sıradan çıxdığı üçün kəndlilərə su çatmır. Sakinlər deyir ki, nəinki Şıxlarda, rayonun bütün kəndlərində artezian quyularında olan nasoslar köhnədir. Təzə nasos tələb etsələr də verilmir. Halbuki, iki il əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Goranboyda əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün 43 subartezyan quyusunun qazılması məqsədilə 5 milyon manat vəsait ayırıb. Ancaq bunun bir nəticəsi olmayıb. Əvəzində sakinlər öz vəsaiti ilə su nasoslarını təmir edirlər ki, bu da bir effekt vermir. Əslində isə ayrılan vəsaitlə nasoslar yenilənməli idi və yeni subartezyan quyuları qazılmalıydı. Sakinlər deyir ki, ayrılan vəsaitin onlara heç bir xeyri olmayıb.
Goranboy Subarteziyan Quyularının İstismarı İdarəsindən deyiblər ki, belə vəziyyətin yaranma səbəbi havaların isti olması ilə bağlıdır. Nasoslar belə havada dözmədiyi üçün tez-tez sıradan çıxır. Sakinlər isə deyilənlərlə razılaşmır. Camaat sıradan çıxmış artezian quyusunun bərpasına qədər yağışın yağmasını gözləyir ki, əkdikləri məhv olub getməsin.
“Əvvəlki icra başçısı həbs edilsə də, onun yerinə təyin olunan bundan nəticə çıxarmayıb”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli Goranboyda belə vəziyyətin yaranma səbəbini yerli icra qurumu tərəfindən subartezian quyuları üçün ayrılan vəsaitin mənimsənilməsində görür: “Biz nəzərə almalıyıq ki, korrupsiya əməllərinə görə iki il əvvəl bir neçə icra başçısı həbs olunub. Onlardan biri də, Nizaməddin Quliyev idi. Hansı ki, o, 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Məlum məsələdir ki, belə icra başçıları hansı rayona rəhbərlik ediblərsə, orada sosial problemlər həllini tapmayıb. Əksinə, daha da çoxalıb. Belələrinin yarıtmaz fəaliyyəti üzündən rayonlarda icra hakimiyyəti sisteminin ləğvi gündəmə gəlib. Çünki əksər rayonlarda insanlar icra başçılarından narazıdır. Goranboyda subartezian quyuları ilə bağlı məsələ onu göstıərir ki, rayonda dəyişən bir şey yoxdur. Əvvəlki icra başçısı həbs edilsə də, onun yerinə təyin olunan bundan nəticə çıxarmayıb. Əslində icra başçıları tez-tez rəhbərlik etdikləri rayonun ictimaiyyəti ilə görüşməli və bu kimi problemlərin həlli ilə məşğul olmalıdılar. Ancaq əfsuslar olsun ki, icra başçıları kabinetdə oturmağı hər şeydən üstün tuturlar. Bu da rayonlarda problemlərin üst-üstə yığılmasına gətirib çıxarır”.
Bir sözlə, ekspert hesab edir ki, problem köklü həllini tapmalıdır.
Vidadi ORDAHALLI