Şərq Bazarı ticarət mərkəzinin bərpası layihəsində iştirak edən fəhlələr iyunun 16-da etiraz aksiyası keçiriblər. Onlar əmək haqlarının ödənilməməsindən şikayət ediblər.
Fəhlələrin sözlərinə görə, ticarət mərkəzinin rəhbərliyi buna görə "Vepa Mühəndislik" və "MEK" adlı podratçı şirkətlərin məsul olduğunu bildirir.
Fəhlələrin sözlərinə görə, onlara əvvəlcə pulu bank kartlarına köçürməyi vəd ediblər, amma bu vəd yerinə yetirilməyib: “Son nəticədə isə ümumiyyətlə əmək haqqı ödəməyiblər. Kimisi 1 aylıq, kimisi 4 aylıq əmək haqqını almayıb. Şikayətlərimizə cavab olaraq tədbir görməyi vəd ediblər, amma nəticə etibarilə 100 nəfər pulunu ala bilmir".
Ümumilikdə 100-dən artıq insanın maaşını ala bilmədiyi bildirilir. Hətta işləmiş mühəndislər var ki, 4-5 aydır maaş ala bilmirlər: “Hamımız fəhləyik. Elektrik, havalandırma, mexanik işlərinə baxmışıq. Tutduğumuz vəzifəyə görə 800-1000 manat arası maaş alanlar var. Görünür, kimlərsə pulu bölüb aralarında. İndi də bizə maaş çatmır. Üstəlik, şikayət edirik, işıqlandırırıq, bizə sahib çıxan da yoxdur”.
Qeyd edək ki, Şərq Bazarı Kompleksi yeni təmirdən çıxıb. Təmirdən sonra, iyunun 6-da həyata keçirilən açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.
“Tenderi udan təşkilat lazım olan vəsait üzərindən görəcəyi işi həyata keçirməkdə çətinlik çəkir, nəticədə şirkət borclanır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, bir çox dövlət sifarişi ilə həyata keçirilən tikinti-istismar işləri zamanı işçilər əmək haqqını ala bilmir. Xüsusən də modul tipli tikililərdə, satış mərkəzlərində çalışanların maaşı verilmir: “Bu tip problemlərin yaranmasının müxtəlif səbəbləri var. Tikinti işinə cəlb olunan şirkətlərin seçimi qeyri-şəffaf formada həyata keçirilir. Tenderi udan təşkilat lazım olan vəsait üzərindən görəcəyi işi həyata keçirməkdə çətinlik çəkir, nəticədə şirkət borclanır. Belə olan halda şirkət işçilərin əmək haqqını ödəyə bilmir. Bu halın yaşanmasının əsas səbəbi tenderlərin şəffaf və açıq formada keçirilməməsi ilə bağlıdır”.
Həmsöhbətimiz hesab edir ki, əmək haqqı ala bilməyən fəhlələr haqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər.
Günel CƏLİLOVA