Şabran rayonu Qələgah kənd ümumi orta məktəbini bu tədris ilində 3 məzun bitirib. Şagird sayının az olmasına baxmayaraq, məktəbdə təşkil olunan “Son zəng” tədbirindən fotolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Qələgah kəndi Şabranın rayon mərkəzindən 12 kilometr məsafədə, dağlıq ərazidə yerləşir. Bu ərazidə yerləşən Qələgah kənd ümumi orta məktəbindən 3 məzunun olması maraqlıdır.
“Kənd sakinləri övladını rayon mərkəzində olan məktəblərə göndərir, bu kimi faktlar şagird və ya məzun sayının azalmasına təsir edir”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, ucqar kəndlərdə şagird sayının az olması normaldır: “Qeyd edilən təhsil müəssissəsinin bu il 3 məzunun olması həmin məktəbdə təhsil alanların sayının az olması ilə bağlıdır. Şagird sayının az olması isə həmin kəndin ucqar kənd olmasıdır. Məlumdur ki, əksər valideynlər normal şərait, yaşamaq üçün daha çox rayon yerlərinə üz tuturlar. Onlar istəyir ki, övladının təhsil aldığı məktəbdə şagird sayı çox olsun, sinif yoldaşları çox olsun”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyd olunan tədris müəssisəsində təhsil alanların sayının az olmasının səbəbi kəndin əhalisinin sayı az olması ilə bağlıdır. Bəzi hallarda kənd sakinləri təhsil almaq üçün rayon mərkəzində olan məktəblərə gedir. Bu kimi faktlar şagird və ya məzun sayının azalmasına təsir edir”.
Ekspertin sözlərinə görə, dövlət tərəfindən təhsilə çox böyük diqqət və qayğı var və təhsil alanlar üçün heç bir çətinlik olmamalıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə çoxlu sayda təhsil müəssisəsi inşa və əsaslı təmir olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsi tikilir və əsaslı təmir edilir: “Kənd yerlərində 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Bu hal 11-ci siniflərdə də müşahidə olunur”.
Günel CƏLİLOVA