Son zamanlar Bakıda tikinti işləri aparan şirkətlərin böyük əksəriyyəti barədə müəmmalı söz-söhbətlər dolaşır. Xüsusən də eyni mənzilin bir neçə nəfərə satılması. Belə bir hal, demək olar ki, bir çox MTK-da müşahidə olunur. Mətbuatda yayılmış məlumata görə, “Badü Kübə” MTK-nın rəhbəri Ədalət Qəmbərov eyni mənzilin bir neçə nəfərə satılmasına etiraz edənləri təhdid edir.
Şikayətçi Cəmilə Məmmədova qeyd edir ki, şəhid ailəsinin üzvüdür. Lənkəran şəhəri Səttarxan küçəsi döngə 2 ev 19 ünvanında yaşayan 79 yaşlı Məmmədova Cəmilə Həzrətqulu qızı “Badü Kübə” MTK-nın rəhbəri Ədalət Qəmbərovun onu ölümlə hədələdiyini iddia edir.
C.Məmmədova təhdid olunması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.
Şikayətçi öz müraciətində bildirir ki, eyni mənzili bir neçə nəfərə satmaqda ittiham olunaraq işi Suraxanı Rayon Məhkəməsinə verilən “Badü Kübə” MTK-nın rəhbəri Ədalət Qəmbərov 2022-ci il iyunun 10-u saat 22-00 radələrində ona zəng vuraraq ölümlə təhdid edib: “Həmin təhdiddən sonra Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə müraciət etdim. Bu məsələyə dair tədbir görülməsini xahiş edirəm”.
Kamran Məmmədli: “Hansı ölkədə, hansı dövrdə yaşayırıq ki, haqqını tələb edəni təhdid etsinlər?”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, MTK-ların bu yola əl atmasının bir neçə səbəbi var, bundan isə insanlar əziyyət çəkir. “MTK-lar vətəndaşları müxtəlif səbəblərdən aldadırlar. Bunların çoxu bunu bilə-bilə edir. Niyə belə edirlər? MTK-ların ortada maliyyə problemləri olur, ya tikintini davam etdirə bilmirlər, ya külli miqdarda vergi borcları olur. Bu halda fikirləşirlər ki, mənzilləri təkrar satışa çıxarıb sataq, borcları bağlayaq, növbəti layihəni həyata keçirəndə ikinci, üçüncü dəfə satılanları mənzillə təmin edək. Yəni bəziləri pula görə edir. Bəzən isə bu problem işçilərin səhlənkarlığından, haqq-hesabı düzgün apara bilməməsindən qaynaqlanır. Səhvən də belə şeylər ola bilir, amma MTK-lar daha çox bu qanunsuzluğa, insanları aldatmaq yoluna maliyyə problemlərinə görə əl atırlar. Tikinti şirkətinin vətəndaşı təhdid etməsi düzgün deyil. Hansı ölkədə, hansı dövrdə yaşayırıq ki, haqqını tələb edəni təhdid etsinlər? Qanun var, qayda var”.
Günel CƏLİLOVA