İkinci Qarabağ müharibəsində Vətənin qeyrətini hər şeydən üstün tutan, haqq savaşımızda yağıya qarşı qəhrəmanlıqla döyüşən şəhid gizir Elnur İmran oğlu Əsədullayev Lerik şəhərində anadan olub. 18 yanvar 2018-ci ildə hərbi xidmətini başa vurub evinə qayıdır. Yenidən könüllü olaraq Vətənə xidmət etməyə gedir və Beyləqan rayonunun "N" saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət etməyə başlayır. Kiçik gizir Elnur xidmətdə fərqlənir, manqa komandiri vəzifəsindən tank komandiri vəzifəsinə yüksəlir. 27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan İkinci Qarabağ müharibəsində fəal döyüşür, düşmənə sarsıdıcı zərbələr endirərək onun xeyli sayda canlı qüvvəsini məhv edən Vətən sevdalısı oktyabr ayının 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına çatır. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Vətən uğrunda " və "İgidliyə görə" medalları ilə təltif olunur.
Şərəfli ölümü ilə milyonların qəlbində əbədi yurd-yuva qurub Elnur. İndi bütün Lerik camaatı öz igid oğlu ilə fəxr edir, hər yerdə onun adını uca tuturlar. Onun doğum günündə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri məzarını, Lerik şəhərində xatirəsinə ucaldılmış bulaq-abidə kompleksini ziyarət etdilər, üzərinə gül-çiçək dəstələri düzdülər.
Sonra ziyarətçilər şəhidin ailəsini baş çəkdilər, şəxsən C.Baxşıyev onların qayğı və problemləri ilə maraqlandı. Söhbət zamanı bir daha Elnurun Vətən üçün etdikləri dilə gətirildi, valideynləri isə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü