Havaların isinməsi ilə birlikdə hər kəs istirahət planları qurur, əyləncəli vaxt keçirmək üçün Azərbaycanın səfalı yerlərinə baş çəkmək istəyir. Əksəriyyət vaxtı daha maraqlı keçirmək üçün rayonlara öz maşınları ilə yox, turlarla gedir. Ancaq təəssüf ki, turların sonu hər zaman xoşbəxt sonluqla bitmir.
Son üç gün ərzində baş verən qəzalar bunu deməyə əsas verir. Qəzalardan biri iyunun 12-də üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu vasitəsilə qeydə alınıb. Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Digər qəza da elə həmin gün, eyni saatlarda məktəblilərin getdiyi turda baş verib. Hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub. İnsidentə tur şirkətinin şagirdlərin müayinəsi üçün lazım olan ödənişi etməməsi səbəb olub.
Qeyd edək ki, qaydalara görə, turizm şirkəti vasitəsilə səfərə çıxacaq şəxsin mütləq səfər sığortası olmalıdır. İstər xarici, istər daxili turlarda hər bir tur iştirakçının səyahət sığortası olmalıdır. Səfər sığortası tur zamanı baş verə biləcək bədbəxt hadisələr zamanı maddi zərəri qarşılayır. Ancaq araşdırmalar zamanı məlum olur ki, ölkədaxili turlarla məşğul olan şirkətlər müştəriləri səyahət sığortası etməkdə maraqlı deyil. Şirkətlər buna səbəb kimi turların bir günlük və ucuz olmasını göstərirlər.
Kənan Quluzadə: “Hazırda normativ hüquqi aktlara görə, turistlərin sığortalanması könüllü xarakter daşıyır, yeni qəbul edilmiş qanunla isə…”
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə qeyd etdi ki, hazırda normativ hüquqi aktlara görə, turistlərin sığortalanması könüllü xarakter daşıyır: “Yeni qəbul edilmiş qanunla mülki məsuliyyət sığortası məcburi hal daşıyacaq. Onun alt sənədləri hazırlanır ki, bu mexanizm icra edilə bilsin”.
Onun sözlərinə görə, digər tərəfdən, yol qəzaları sığorta şirkətləri tərəfindən xüsusi hal kimi qeydə alınır. Bu, turistlik sığortaya daxil edilməyə də bilər: “Bu artıq turizm şirkətləri ilə turist sığorta şirkətlərinin arasında olan razılaşmanın əsasında tənzimlənəcək. Digər tərəfdən, turizm sahəsində 2015-ci ildən lisenziyalar ləğv edilib. Bununla bağlı turizm şirkətlərinin fəaliyyəti tam sərbəstdir”.
AzTA - Əhməd Qurbanov: “Hər bir turdan istifadə edən şəxs səfər sığortası vasitəsilə sığortalanmalıdır”
Azərbaycan Turizm Assosiasiyası (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirdi ki, pandemiya başlayandan insanlar ölkədə daxili turizmə üstünlük verir: “Hazırda gündəlik turlar daha aktualdır və tur şirkətləri təşkil edir. Təəssüf ki, fərdi şəxslər də turlar təşkil edirlər. Bunlara ciddi şəkildə nəzarət edəcək mexanizm yoxdur. “Turizm haqqında” qanuna görə, turizm şirkətləri reyestrdən keçəcək və baza yaradılacaq. Şərtlərə əməl etməyəni cərimə və cəza tədbirlər gözləyir. Hazırda bazarda xaotik mühit var və nəzarət mexanizmi güclü deyil”.
Sədrin sözlərinə görə, vətəndaşlar tura getmədən ciddi araşdırma aparmalı, ucuz qiymətə aldanaraq tanınmayan şəxslərin təklif etdikləri turlardan istifadə etməməlidir: “Əsas qiymətə yox, keyfiyyətə üstünlük versinlər. Bizim quruma da müraciət edə bilərlər ki, biz onları normal tur təşkil edən şirkətlərə yönəldə bilərik. Hər bir turdan istifadə edən şəxs səfər sığortası vasitəsilə sığortalanmalıdır. Belə hadisələrdən heç kim sığortalanmayıb. Vətəndaşlar səfərə gedən zaman sığorta etdirməlidirlər. Sığorta olunan zaman turların qiyməti baha olduğu üçün insanlar ucuz turlar seçirlər. Məktəbli turlarıdırsa, avtobusun görünən yerində “uşaqlar”, “məktəblilər” sözü yazılmalıdır ki, ətrafda olan nəqliyyat vasitələrinin sürücüləri daha da ehtiyatlı olsunlar. Eyni zamanda, sürət həddi də yüksək olmamalıdır”.
Günel CƏLİLOVA