Bakının Buzovna qəsəbəsində dəniz sahilindəki qayaların böyük hissəsi zəbt olunaraq dağıdılır. Bununla bağlı qəsəbənin bir qrup sakini ölkə başçısına müraciət edib. Bu barədə məlumat 12 iyun tarixində sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qayaların ətrafına hasarlar çəkilir, onların yerində yeni tikililər ucaldılır, və nəticədə qayalar dağılır: “Biz, qayalıqlarımızı səmimi qəlbdən sevən yerli sakinlər daha buna dözə, göz yuma bilmirik. Qayalıqlarımızın azadlığı üçün Prezidentə bu video vasitəsilə hesabat verir, dövlətin mülkiyyəti sayılan sahil zolağındakı qayalıqların azad olunması və dövlətin mühafizəsinə alınması üçün sərəncam verməsini xahiş edirik”.
“Kiçik bir tikinti işi aparanda, daşı daş üstə qoyanda belə oranın nümayəndələri həmin əraziyə gəlib çıxa bilirlər, ancaq…”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, hər hansı tikinti işlərinin aparılması üçün icra hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və yaxud İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti bu məsələyə qarışmalıdır: “Kiçik bir tikinti işi aparanda, daşı daş üstə qoyanda belə oranın nümayəndələri həmin əraziyə gəlib çıxa bilirlər. Tikinti aparılması üçün bütün qaydalar dəyişib, rəsmi surətdə icazə alınmalı, layihə təsdiq olunmalıdır. Məsələn, çimərliklərdə aidiyyəti qurumlardan rəsmi icazə alıb mövsümi olaraq insanların istirahəti üçün konstruksiya işləri görülür. Xəzər dənizi sahilinin böyük bir hissəsi dəmir və ya daş hasara alınıb və bu qeyri-qanunidir. Çünki dənizdən müəyyən məsafə olmalıdır, yoxsa sənəd verilə bilməz. Azərbaycana gələn turistlərin böyük əksəriyyəti əvvəlki illərdə daha çox dənizə görə gəlirdilər. Dəniz sahilinin əksər hissəsinin çirklənməsi, hasarlanması buna mane olur. Çimərliyə daxil olmaq mümkün olmadığı üçün burada kirayə qalmaq istəyən insanlar da fikirlərini dəyişirlər”.
Günel CƏLİLOVA