“1990-cı illərdə ölkəmizin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb. Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.
Bu sözləri təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.
Ekspertlər bildirir ki, 1990-cı illərdə işə qəbul olmuş şəxslərin işdə uzaqlaşdırılması düzgün deyil. Nəzərə almaq lazımdır ki. 30 il ərzində pedaqoq kimi çalışmış şəxs yetərincə bilik və təcrübə qazanıb. Indi bu müəllimlərin işdən uzaqlaşdırılması nə dərəcədə düzgündür?
“Pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ölkədə hüquqi normativ sənədlər var”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ölkədə hüquqi normativ sənədlər var. Nazirlər Kabinetinin 156 saylı qərarında göstərilir ki, ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə orta ixtisas və ya ali təhsil müəssisələrini pedaqoji yöndə bitirən şəxslər müəllim kimi çalışa bilər: “1990 və 2000-ci illərdə pedoqoji profil olmayan şəxslər orta məktəblərə müəllim kimi qəbul olublar. O cümlədən, dövlət lizensiyası olmayan təhsil müəssisələrində həmin şəxslər pedaqoq kimi çalışıblar. Həmin ərəfədə bu sektorda müəyyən boşluqlar olub. Bundan istifadə edən şəxslər müəyyən vəsait qarşılığında pedaqoji sahədə diplom əldə ediblər. Məlumat üçün qeyd edim ki, 2011-ci ilə qədər müəllimlərin işə qəbulu məktəb direktoru vasitəsilə həyata keçirilirdi. Həmin şəxslər müqavilə əsasında pedaqoq kimi çalışırdılar. Ancaq nəzərə almaq lazımdır ki, pedaqoji sahədə təhsili olmayan şəxsin müəllim kimi çalışması düzgün deyil. 30 il yox 60 ildə çalışsa belə, həmin şəxsin pedaqoji fəaliyyətlə çalışması qanunsuzdur”.
Həmsöhbətimiz onu da bildirdi ki, təhsil naziri çıxışında məktəblərə qeyri-qanuni şəkildə yol tapan müəllimlərin diaqnostik qiymətləndirmə aparılacağını deyib: “Bu şəxslərin pedaqoji fəaliyyətlə çalışması qanuni baxımdan düzgün deyilsə həmin müəllimləri necə təkmilləşdirməyə göndərmək olar? Heç bir halda həmin müəllimləri təkmilləşdirmək olmaz. Ümumiyyətlə, pedaqoji təhsili olmayan şəxslərin sertifikasiyadan keçməsi düzgün deyil”.
Günel CƏLİLOVA