Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində rayonun təhsil ocaqlarında, mədəniyyət müəssisələrində tədbirlər təşkil edir. Növbəti belə tədbir Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində baş tutdu. Belə ki, Vətən müharibəsi iştirakçılarının məktəblilərlə görüşü uzun müddət yaddaşlardan silinməz. Mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, məktəbin müəllim və şagirdləri iştirak etdikləri tədbirdən qürur və iftixarla ayırdılar...
Məktəblilər onlara qonaq gələn qəhrəman Vətən oğullarının qarşısına böyük məhəbbətlə, sevgi dolu ürəklə çıxdılar. Tədbir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva çıxış edib Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verdi. Onu da bildirdi ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, eləcə düşmənlə qəhrəmancasına döyüşən igid, fədakar, Vətən qeyrətini hər şeydən üstün tutan oğlanların misilsiz cəsarəti sayəsində mümkün olub. Əzəli, əbədi yurd yerimiz Qarabağ uğrunda sağlamlığını itirən bu Vətən sevdalı igidlər hər birimiz üçün örnəkdirlər.
Vətən müharibəsinin iştirakçıları Taleh Qəzənfərli, Rövşən Ağayev, Cahangir Məmmədov, Qüdrət Əzizov keçdikləri çətin, şərəfli döyüş yolundan, müharibədə şəhid olmuş əsgər yoldaşları haqqında söz açdılar və cəbhə təəssüratlarını dilə gətirdilər, qələbədə payları olduqları üçün qürur hissi keçirdiyini dedilər. Məktəbin şagirdlər isə Vətənə, şəhidlərə, qəhrəman oğullara həsr edilmiş şerlər söylədilər.
Məktəbin direktoru M.Yəhyayeva tədbiri sonunda söz alıb layihənin təşkilatçılarına və Vətən müharibəsi iştirakçılarına minnətdarlığını bildirdi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü