Çimərlik mövsümünün başlamasına az qaldığı vaxtda Xəzər dənizinin Buzovna çimərliyindəki müəyyən hissə hasara alınıb. Bu üzdən sakinlər dəniz kənarında dincəlmək üçün neçə kilometr yol qət etməlidir.
Qeyd edək ki, bu tip problem uzun illərdir yaşanır. Dəniz ətrafı ərazilər iş adamları tərəfindən zəbt edilir.
“Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 300 metr məsafədə dənizətrafı ərazilərdə tikinti aparılması qadağandır, ancaq…”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, tək Buzovnada deyil, Xəzər dənizi ətrafında olan ərazilərin böyük əksəriyyəti müəyyən insanlar tərəfindən zəbt olunub: “Normal fəaliyyət göstərən çimərliklər, demək olar ki, yoxdur. Çimərliklər sahibkarların nəzarətindədir. Təəssüflər olsun ki, çəpərləmə prosesi geri çəkilmiş dənizin içinə qədər uzanır. Bu isə düzgün deyil. Çünki bu hal ekoloji fəlakətin baş verməsinə səbəb ola bilər. Unutmaq lazım deyil ki, Xəzər dənizi ayrı-ayrı məmurların yox, xalqın sərvətidir. Vətəndaşlar da bu sərvətdən çox sərbəst şəkildə istifadə imkanlarına malik olmalıdırlar. İşbaz, vəzifə səlahiyyətlərindən istifadə edən məmurlar qanundakı boşluqlardan geninə-boluna yararlanıblar. Hər il bu məsələ qaldırılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 300 metr məsafədə dənizətrafı ərazilərdə tikinti aparılması qadağandır: “Həmin qanun hələ də qüvvədədir. Ancaq bu qanuna əməl olunmur. Görünür, son dərəcə oliqarxlaşmış imtiyaz və gücə sahib insanlar tərəfindən dənizətrafı ərazilər çəpərlənməkdə davam edir. Təəssüf ki, ölkəmizdə qanunların icrası və ona nəzarət aşağı səviyyədədir. Azərbaycan qanunvericiliyində ictimai, dövlət əhəmiyyətli məqsədlər üçün istənilən hasarlar sökülə bilər. Bunun üçün qurumlar konkret addımlar atmalıdır”.
Günel CƏLİLOVA