Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqının məbləği açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda qeyd edilir ki, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib.
Açıqlanan göstərici müəllimlər tərəfindən narazılıq doğurub. Uzun müddət müəllim kimi çalışan şəxslər qeyd edir ki, 15 illik fəaliyyəti dövründə aylıq məvacibi 400 manatdan artıq olmayıb: “Olmayan dərs saatlarından mən necə 778 manat ala bilərəm? Aylıq olaraq 16 saat dərs deyən şəxsin əmək haqqı təxminən 400 manat edir. 778 manat necə hesablanır, maraqlıdır?”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci il yanvarın 1-dən təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin maaşı 20, bədən tərbiyəsi müəllimlərinin 30, hərbi rəhbərlərin maaşı 40 faiz artırılıb. Əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir.
Maraqlıdır, müəllimlərin orta əmək haqqı dedikdə hansı kriterialar nəzərdə tutulur? Bu məbləğ 778 manatdırsa, 15 illik təcrübəsi olan müəllim nə üçün 400 manat alır?
Təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, 778 manat əmək haqqı söhbəti hazırda çalışan 160 min müəllim sayına aid edilə bilməz: “Bu yalnız tam ştatı, müəyyən pedeqoji fəaliyyətli və fəxri adı olan müəllimlərə şamil edilir. Bu sıraya həmçinin sinif rəhbəri vəzifəsi olan müəllimlər də aiddir. Danılmaz faktdır ki, elə müəllimlər var 200-300 manat, elələri də var ki, 1000 manatdan çox əmək haqqı alır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, regionda dərs deyən müəllimlər daha çox əmək haqqı alır. Bunun da səbəbi onların yaşam üçün lazimi şəraitlərinin olmaması, kommunal, kirayə ev və s-dir.
Günel CƏLİLOVA