Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) vətəndaşları toyuq alarkən diqqətli olmağa çağırıb. APEPEA-nın yaydığı məlumatda qeyd edilir ki, Belarusdan idxal olunan 2-ci növ toyuqlar vətəndaşlara kənd toyuğu adı altında satılır:
“Həmin toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən, onların üzərində "Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd edilir. "Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi sayılır - bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: kənd toyuğu hara, 2-ci növ ət hara? Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində "2-ci növ” qeydini yazır. İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq üçün iri hərflərlə "Belarus kənd toyuğu” ifadəsini vururlar”.
“Belarusdan gətirilən toyuqların yaxşı məhsul olması fikri yanlışdır, bu toyuqların mənşəyi barədə araşdırma aparılmalıdır”
Mövzu ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, Azərbaycan istehlakçılarının çox səhv düşüncəsi var ki, onlar xarici məhsullara üstünlük verir: “Xüsusilə Belarus, Ukrayna, Rusiya və digər ölkələrinə aid olan məhsulları böyük həvəslə alırlar. Halbuki, yerli məhsullar xarici məhsullardan qat-qat üstündür. Belarusdan gətirilən toyuqların yaxşı məhsul olması fikri yanlışdır. Bu toyuqların mənşəyi barədə araşdırma aparılmalıdır. Aidiyyəti qurumlar qeyd edilən ölkəyə məxsus olan toyuqlar üzərində araşdırma aparsa onların təhlükəli olduğunu müəyyən edər. Necə ola bilər ki, kənd toyuğunun satış qiyməti 9-10 manat olduğu halda bu məhsul 3 manata təklif olunur?”
Həmsöhbətimiz onu da əlavə etdi ki, uzaq ölkələrdən gətirilən məhsullara kimyəvi məhlullar əlavə edilir. Bu isə sağlamlığa təsir edir.
Günel CƏLİLOVA