Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyət istiqamətləri üzrə müvafiq təhlil və əsaslandırılmanın aparılması məqsədilə hüquqi məsləhətçi cəlb edib. BNA “BONAFİDE” QSC ilə 49,088 min manat məbləğində müqavilə bağlayıb. Bakı Nəqliyyat Agentliyi Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Maraqlı olan budur ki, BNA-nın özündə kifayət sayda hüquqşunas çalışıb, dövlətdən əmək haqqı aldığı halda, belə bahalı hüquqi yardım müqaviləsinə nə ehtiyac duyulurdu?
Audit sahəsi üzrə təcrübəli mütəxəsis olan Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi qurumlarla müqayisə etsək bu israfın məbləği hələ bir qədər aşağıdır: “Elə qurumlar var ki, iqtisadi aktivliyi azaltmaq üçün ciddi testlət təşkil etdilər, dərəcələri aşağı saldılar. Nəticədə işçilərin kütləvi işdən azad edilməsi baş verdi. Bu məsləhəti Rusiyanın bir şirkəti baha qiymətə həmin quruma vermişdi. Bunun ardınca milyonlarla pul xərcləyib, bahalı bir audit şərkətini gətirib, vəziyyətdən çıxış yolunu onun verdiyi sənəd üzrə hərəkət etməkdə tapdılar. İstənilən xidmət sahələrinə müraciət edəndə büdcəyə qənaət amili nəzərə alınmalıdır. Elə xidmətlər var ki, onların aparılması qurumun öz daxilindən olmamalıdır. Bunun üçün yerli və xarici podratçı şirkətlər dəvət edilir. Tutarlı şirkət üçün 50 min manat elə də böyük məbləğ deyil. Sözügedən hüquqi yardım göstərən şirkət çox bahalı iş görür. İndi maraqlıdır: BNA həmin şirkətə hansı həcmdə və nə zaman intervalında iş gördürəcək? Təəssüf ki, bu barədə məlumat verilmir. Bu cür məsələlər cəmiyyət üçün şəffaf şəkildə həyata keçirilməlidir. Burada fikir vermək lazımdır, qısa bir iş üçün belə məbləğ verilirsə, bu israfdır. Hesab edirəm ki, bizim ölkənin daxilində belə işləri daha ucuz qiymətə görə bilən kifayət qədər təcrübəli şirkətlər və mütəxəssislər var. Bizim özümüz elə ciddi təşkilatlar üçün işlər görmüşük ki, dilə gətirsək çox adam inanmaz”.
Məhəmmədəli QƏRİBLİ