İndi Lerik kəndlisi kiçikli-böyüklü hamı sahədədir. Gün-güzəranı ən çox bağlı olan mal-qarasından ötrü qışa yem ehtiyatını görür. Nə qədər əziyyət çəksə də, istəyinə nail ola bilmir. Belə ki, biçənəklərdə olan otu yığıb şəxsi təsərrüfatına aparmaqda ötrü çətinlik çəkir. Bunun birinci səbəbi də texnikanın yoxluğudur. Ot boldur. Rayonun dağ kəndlərində elə adam vardır hazırda 15 gündən çoxdur ki, biçənəyin otunu çalıbdır. Quru ot sahədə çürüyüb gedir.
Dzdipok kəndinin sakini Elnur Əsgərov deyir: - Sovet dağılanı Lerikdə kənd həyatı başdan-başa problemdir. Kənd adamı bir qarın çörəkdən ötrü min zülmə qatlaşır. Bu ilki ot mövsümün əziyyəti daha böyükdür. Ən əsası texnika vaxtında köməyimizə gəlmir. Havalar tez-tez dəyişir. Sanki təbiət də adamlara verdiyi əziyyətdən zövq alır. Dəryazla biçdiyimiz ot sahədə zay olur. Onu vaxtında evə daşımağa texnika çatışmır. Bir də əvvəllər 20 qəpiyə bağladığımız bir ot kipi indi bizə 80 qəpiyə başa gəlir. Bu gedişlə yem qıtlığı üzündən olan mal-qaramızı dəyər-dəyməzə satmağa məcburuq. İşimizin qaynar vaxtında vəziyyətlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsək də, hər-hansı reaksiya verilmir. Onu da bildirmək istəyirəm ki, texnika olmadığı üçün kəndli torpağından səmərəli istifadə edə bilmir, bütün təsərrüfat dövründə min bir zillətlə üzləşməli olur.
Bütün bunlar göstərir ki, Lerikli kəndlini ağır günə qoyan bir başa onunla əlaqəsi olan Kənd Təsərrüfatı Nazirliyidir. Vəzifə borcu çətində kəndlinin yanında olanlar hətta, onların işlərinə bilə-bilə süni maneələr yaradırlar. Güzərani torpaqla keçən zəhmət adamı nağd pulu hesabına məqamda işini qabağa verməkdən ötrü texnika tapa bilmir. Elə bu səlahiyyət sahiblərin yaratmaz fəaliyyətidir ki, Lerikli kəndlinin yaşayış tərzi günbəgün ağırlaşır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü