Bülbül prospektində piyada yolunun sökülməsi və ağacın kəsilməsi ilə inşa edilən parkinq ətrafında olduqca maraqlı hadisələr yaşanır.
Bildirilir ki, məsələ birbaşa Prezidentin diqqətindədir, ona görə əl-ayağa düşüblər: dərhal parkinq söküldü, piyada yolu bərpa edildi. İndi “günah keçisi” axtarırlar.
Ağacın kəsilməsində “günahkar” artıq tapılıb – Nəsimi Bələdiyyəsi. Deməli, bələdiyyə Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edib ki, orda “qəzalı vəziyyətdə olan” 1 safora ağacı var, icazə verin onu kəsək. Agentlik də “qəzalı vəziyyətdə olan” ağacın götürülməsinə yerində yenisinin əkilməsi şərtilə icazə verdiyini deyir. Bələdiyyə “qəzalı ağacı” götürməyinə götürüb, amma yerində yenisini əkməyib.
Nəsimi Bələdiyyəsi 5 min manat məbləğində cərimə edilib – verilən rəyə uyğun hərəkət etmədiyinə görə.
O parkinqin Bülbül prospekti kimi yerdə, yəni şəhərin düz göbəyində, “Nizami” Kino Evinin yanında, “AzərTAc” kimi nəhəng dövlət agentliyinin və “Xalq qəzeti” kimi PA-nın rəsmi orqanının böyründə tikilməsi üçün yol bağlanmalıdır, texnika gəlməlidir, peşəkarlar orda işləməlidir, asfalt örtüyü çəkilməlidir, sonra da nişanlanma aparılmalıdır.
Sonra yayılan məlumatlarda bildirilir ki, parkinqi Kinematoqrafçılar İttifaqı tikib.
Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Sonradan sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.
Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
Məlumdur ki, Bakı şəhərində parklanmanın təşkili, ona nəzarət, hətta buna görə cərimələrin yığılması birbaşa Bakı Nəqliyyat Nazirliyinin səlahiyyətinə aiddir. Bu qanunsuzluğa görə həmin qurumun məsuliyyət dərəcəsi necə müəyyən edilə bilər?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkədəki icra qurumlarının xəbəri və icazə olmadan heç kim belə işləri görə biıməz: “Bilirsiniz ki, parklanma ilə bağlı nəzarəti BNA həyata keçirir. Bu qurum səlahiyyətləri ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinə tabe etdirilib. Bunun üzərindən çox qısa müddət keçib. Belə çıxır ki, bu sahədə olan bütün çatışmazlıqlara görə məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. Mərhum Heydər Əliyevin məşhur kəlamı var: “Bir ağacı kəsən elə bil mənim qolumu kəsir”, kimi. Bu vəsiyyətə belə riayət edirlər? İnzibati Xətalar Məcəlləsində bu cür əməllərə görə cəza nəzərdə tutulur. Mən düşünürəm ki, buna icazəni birbaşa şəhər meriyası verib. Hətta BNA etsə belə, artıq meriyaya tabe struktur kimi fəaliyyət göstərir. Hələ də Bakı şəhərindəki parkinq qiymətləri ilə bağlı vəziyyət tənzimlənməyib. Uzun müddətdir ki, bu məsələ açıq qalır. Bu hərəkəti cinayət kimi qəbul edirəm. Buna hansı qurum icazə veribsə ciddi məsuliyyətə cəlb ediıməlidir. Hətta ən ağır cəzanı versək belə, həmin ağaçları təzədən yetişdirə bilməyəcəyik. Bu cür səriştəsiz adamların dövlət qurumlarında işləmələri Azərbaycanda bənzər problemlərin həllini ləngidəcək. BNA ancaq cərimə toplamaqla deyil, həm də parklanma və hərəkətin düzgün təşkili ilə məşğul olmalıdır. Təəssüf ki, belə misallarda bunun tam əksini görürük”.
Məhəmmədəli QƏRİBLİ