Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Həsənağa Şakir oğlu Abdullazadənin xatirəsinə həsr olunan uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən VKC növləri üzrə karate idman turniri idman həvəskarların yaddaşına yazıldı. Bəri bacdan deyim ki, 80 idmançının qatıldığı yarışın açılışını Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev etdi. O, idman yarışlarının gənc nəslin fiziki və mənəvi tərbiyəsində oynadığı mühüm roldan danışdı, həm də onların təşkilində torpaq uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların həyat və döyüş yolu barədə daha geniş informasiya almasına imkan yarandığını dedi .
Natiq onu da bildirdi ki, milli ruha, düşüncəyə və sağlam fiziki gücə sahib vətənpərvər gənclərin yetişməsi hər zaman cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətində olub. 44 günlük Vətən müharibəsində iştirak edənlərin böyük əksəriyyətinin məhz gənclər olduğu buna gözəl nümunədir. Ölkə başçısı “Hər bir şəhidin xatirəsi bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq”,- deyir. Elə buna görə də şəhidlərin adlarının daim yaşaması üçün onların xatirəsinə həsr olunan kütləvi tədbirlərin keçirilməsi, habelə onların həyat və döyüş yolu barədə gələn gənc nəsillərə məlumat vermək hər birimizin borcudur.
Şəhidin atası Şakir kişi, anası Səmilə xanım çıxışlarında övladlarının adın ilə bağlı görülən işlərdən təskinlik tapdığını dedilər və şəhid valideynlərinə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.
Çıxışlardan sonra yarış başlandı. Karate-Do Federasiyasının İdarə Heyətinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyi altında keçirilən yarışda Lənkəran, Astara, Masallı, Cəlilabad və Beyləqan rayonlardan 2 komanda, Bakı şəhərindən isə 3 komanda iştirak edirdi. Gərgin, maraqlı idman şəraitində başa çatan yarışın qalibləri diplom və medallarla təltif olundular.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü