Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Azərbaycanda təbiətin mühafizəsi, ətraf mühitin qorunması istiqamətində məqsədyönlü iş aparılır. Lakin görülən işlərə baxmayaraq, bəzi şəxslər, şirkətlər hələ də yaşıllıqları məhv etməklə məşğuldur.
Bu günlərdə Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağac və 32 kolun kəsilməsi ilə bağlı məlumat yayıldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Hikmət Əlizadə: “Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib”
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirdi ki, araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub. Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma tədbirləri aparılır, yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin getdiyi bir zamanda bu cür hallar cəmiyyətə qarşı çağırış kimi qiymətləndirilməlidir. Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk. Mülkiyyətçiləri, sahibkarları, tikinti şirkətlərini qəti şəkildə bu cür hallara yol verməməyə, ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq”.
Flora Hacıyeva: “Hər bir ağacın qorunması, yeni ağacların salınması, ilk növbədə, bizim vətəndaşlıq borcumuzdur”
Ekoloq Flora Hacıyeva bildirdi ki, bu gün də təbiətin neməti olan meşələrin qırılması, hallarına rast gəlmək olar: “Hər bir ağacın qorunması, yeni ağacların salınması, ilk növbədə, bizim vətəndaşlıq borcumuzdur. “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur, bu halın qarşısının alınması üçün də ciddi tədbirlər görülməlidir. Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər. Bu səbəbdən də təbiəti məhv edənlər sərt şəkildə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA