Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunan əmlakları özünə qaytarıla bilər. Bu barədə yayılan məlumatlarda deyilir ki, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinin belə bir qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada günahlandırılaraq 12 il azadlıqdan məhrum edilib.
2020-ci ildə Akif Çovdarov əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ancaq o, azadlığa çıxmaqla kifayətlənməyib, müsadirə olunan əmlaklarını da qaytarılması istiqamətində hərəkətə keçib. Akif Çovdarov Ali Məhkəməyə müraciət edərək, barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyb.
Bildirilir ki, ötən ilin dekabrında Ali Məhkəmə Akif Çovdarovun kassasiya şikayətini qəbul edib və yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Qərarı uzun illər Bakı Şəhər prokuroru vəzifəsində işləmiş, 2017-ci ildən Ali Məhkəməyə hakim təyin olunmuş Əziz Seyidovun çıxardığı bildirilir. Ekspertlərin fikrincə, Ali Məhkəmənin şikayəti qəbul etməsi və baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi Akif Çovdarovun istəyinə nail olacağından xəbər verir. Yəni cinayət yolu ilə əldə etdiyi təsdiqlənmiş 33 milyon manatlıq əmlakın Çovdarovun özünə qaytarılması mümkündürmü?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Akif Çovdarova ağır cəza verilmişdi: “Sonrakı mərhələdə o əfv edildi. Bundan sonra onun özü və övladları məhkəmələrə müraciət ediblər. Şikayətlərinin mahiyyəti bəraət almaq və müsadirə olunan əmlakın özlərinə qaytarılması ilə bağlıdır. Ötən il Ali Məhkəmə Çovdarovun şikayətlərindən birini qismən təmin edib. 33 milyonluq müsadirə edilən əmlakın siyahısında Akif Çovdarovun MTN-də işləməzdən əvvəl əldə etdiyi əmlak ola bilər. Onların müsadirə edilənlərin siyahısından çıxarılması mümkündür. Hüquqda buna imkan verən müddəalar var. Mən inanmıram ki, istintaq və məhkəmə dönəmində bu detallar dəqiqləşməyib. Onu da deyim ki, məhkəmənin qərarından narazı qalan tərəflərin hər biri yuxarı instansiyalara şikayət edə bilər. Təbiidir ki, müsadirə edilən bütün əmlakın geri qaytarılması mümkün deyil. Hər halda, məhkəmənin yekun qərarına baxıb məsələyə münasibət açıqlamaq daha doğru olardı”.
Məhəmmədəli QƏRİBLİ