Lənkəran rayonundakı Hirkan-Daştatük-Biləsər yolu yeddi kəndi birləşdirir. Dörd il bundan əvvəl yola asfalt döşəməsi nəzərdə tutulsa da, qaldı iş tam görülmədi. Belə ki, dövlətin ayırdığı vəsaitə baxmayaraq, yolun Hirkan - Daştatük hissəsi asfaltlandı. Nədənsə, Prezidentin sərəncamı əsasında ayrılan pulu mənimsəyib yolu yarımçıq saxlayanlara “gözün üstə qaşın var” deyən olmadı. Daha bir acınacaqlı hal odur ki, guya dünya standartlara uyğun yaradılan yolun ömrü heç dörd il də çəkmədi.
2018-ci ildə tikilərək istifadə verilən yolun çox hissəsində qısa müddətdə böyük çökəkliklər yaranıbdır. Nəticədə asfalt qatı dağılıb, torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Dağılmalar hər gün davam edir. Yararsız, təhlükəli vəziyyətə düşən yolda maşınların hərəkəti qorxuludur. Dövlət tərəfindən insanların rahatlığı üçün nəzərdə tutulan yol bəzi əliəyrililərin naqis əməlləri hesabına kabusa dönüb. Pul mənimsənilib, yolda vacib olan işlər görülməyib. Xalqa da, dövlətə də yalan satılıbdır.
Yolda gediş-gəlişi olanlar bildirirlər ki, yol çəkiləndə eşidəndə şəxsən işlərin keyfiyyətinə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı özü nəzarət edir çox sevindik. Qısa müddət keçəndən sonra isə hər şeyin əksini gördük. Deməli, keyfiyyət yalan imiş. Köhnə yolumuz çala-çuxur olsa da, o qədər təhlükə hiss olunmurdu. İndi ümid yerimiz yalnız ölkə başçısıdır. Və əminik ki, ayrılan külli miqdarda vəsaiti mənimsəyib yararsız iş görənlər tezliklə cəzalarına çatacaq...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü