Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi oldu.
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə sosial statusu daha da möhkəmləndi. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Danılmaz faktdır ki, bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün zəruri tədbirlər görülür. Torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı göstərməklə yanaşı, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir. Bu istiqamətdə lazımi işlər görülür və görülməkdədir.
Məlumdur ki, iyunun 2-də bir qrup müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib. Qazilər əlilliyin təyinatı ilə bağlı narazılıq edir, bildirirlər ki, onların bəzisi fevral ayında komissiyadan keçib və 14 gün ərzində cavab verilməli olsa da, artıq 3 ay vaxt keçib, hələ də cavab gəlməyib.
“Hansısa qazinin probleminə biganəlik varsa, onun qanuni haqqı verilmirsə daha yüksək instansiyalar var, məhkəməyə müraciət edilməlidir”
Hərbçi ekspert Rasim İsgəndərov qeyd etdi ki, qazilərin narazılığına əsas səbəb əlillik təyinatının olmaması, imtina cavabları, müayinələrin aparılmamasıdır: “Müharibədə iştirak etmiş şəxsə hər kəs hörmətlə, diqqətlə yanaşmalıdır. Qazilər sadə, təmkinli, qanunpərəst olmalıdır. Hansısa qazinin probleminə biganəlik varsa, onun qanuni haqqı verilmirsə daha yüksək instansiyalar var, ora müraciət edilməlidir, məhkəməyə müraciət edilməlidir. Problem sakit yolla həll edilməlidir”.
Həmsöhbətimiz onu da bildirdi ki, bu gün müharibə iştirakçılarının əksəriyyəti hərbi forma ilə ortalıqla gəzir: “Tankçı, motaatıcı, minatəmizləyən, kəşfiyyatçı olmusansa, həmin formanı geyin də. Əslində, qanunvericiliyə əsasən hərbçi hərbi xidməti başa vurduqdan sonra ictimaiyyət arasında o fomanı geyinməməlidir. Amma bizdə nə baş verir? Az qala, bütün veteranlar xüsusi təyinatlıların formalarını geyinirlər. Bu düzgün deyil”.
R.İsgəndərovun sözlərinə görə, qazilərin müəyyən problemləri var və onlar həll edilməlidir. Qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı dövlət komitəsi yaradılmalı və problemli məsələlər orada həll olunmalıdır. Bu sahədə təcrübəsi olan şəxslər də həmin prosesdə iştirak edə bilər.
Günel CƏLİLOVA