Ölkəmizdə dincəlmək üçün istirahət məkanlarına üz tutan insanların qarşılaşdığı problemlərdən bir də otellərdəki xidmət səviyyəsinin qənaətbəxş olmamasıdır. Əksər insanlar 4-5 ulduzludur deyib üz tutduqları otellərdə göstərilən xidmətin keyfiyyətindən narazıdır. Müştərinin ulduza aldanıb rahatlığı üçün verdiyi pulun dəyərində xidmət görməməsi onun istirahətini alt-üst edir.
Vətəndaşların otellərlə bağlı narazı olmalarının səbəbləri müxtəlifdir. Bu günlərdə yayılan xəbərə görə, "Badamd'Art Hotel"də vətəndaşın özü ilə fotoaparat gətirməsinə görə ondan əlavə 150 manat pul tələb olunub. Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Osman Şəkinski adlı istifadəçi giley edir. Narazı vətəndaş qeyd edir: “Həmin aparatla şəkillər çəkən an administrator gəlib dedi ki, "burda fotoaparatla şəkil çəkməyə icazə verilmir, amma öz telefonlarınızla şəkil çəkdirə bilərsiz". Administrator onu da dedi ki, "150 manat ödəniş edin və öz fotoaparatınızla istədiyiniz qədər şəkillər çəkə bilərsiz”.
Qeyd edək ki, istirahətə gedən şəxsin telefonu və ya fotoaparat vasitəsilə şəkil çəkdirməsi həmin vətəndaşın haqqıdır. Ona belə bir qadağanın qoyulması düzgün deyil. Təbii ki, otelin bu tələbi turist sayının azalmasına səbəb olur.
“Xidmət sferasında baş verən neqativ hadisələr ölkəyə turist marağının artırılması üçün görülən işin üstündən xətt çəkir”
Turizm eksperti Elçin Rüstəm qeyd etdi ki, otelin müştərilərə şəxsi fotoaparatla çəkiliş etməklə bağlı qadağa qoyması düzgün deyil: “İstirahətə gələn şəxs həmin anın yaddaşda qalması üçün şəkil çəkdirmək istəyəcək. Bu təbiidir. Buna qadağa qoyulması və ya əlavə ödəniş tələb edilməsi düzgün deyil. Ola bilər ki, otelin fotoqrafı var və onların qazanc əldə etməsi üçün belə bir çıxış yolu tapıblar. İstənilən halda vətəndaşa “onu etmə, bunu et” demək düzgün deyil. Otelin belə bir tələbi yerli və xarici turist sayına təsir edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son illər ölkəyə turist marağının artırılması üçün müəyyən işlər görülür. Bunun davamlı olması isə burda göstərilən xidmətdən asılıdır: "Son illər Azərbaycanın turizm sənayesi ölkəni tanıtdırır, dövlətimizin bu işdə böyük qatqısı var. Forumlar, oyunlar, festivallar və s. keçirilir. Bu möhtəşəm təqdimatdan sonra turist gəldiyində, xidmət sferasında baş verən neqativ hadisələr bu məsələlərin üstündən xətt çəkə bilər. Bu, həssas məqamdır. Ona görə, burada peşəkar kadrların olması lazımdır. Bütün ölkələrin turistləri bura həvəslə gəlirlər. Çünki burda sabitlik var, xalqımız qonaqpərvərdir. Bu cür gözəl tərəflərə biz də xidmətimizlə töhfə qatmalıyıq”.
Günel CƏLİLOVA