Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-13-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını təqdim edib.
Bildirilir ki, Apellyasiya Komissiyasına 4208 şagird ərizə ilə müraciət edib. Bu ərizələrdə ümumilikdə 16 min 862 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1 milyon 91 min 736 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün müraciətlər bütün tapşırıqların cəmi 1,54 faizini təşkil edir.
Ümumilikdə, bu il ilk dəfə 6 min şagird imtahan nəticələrindən narazı qalıb. Qeyd edək ki, ötən illər ərzində də narazılar olub. Ancaq bu ilk dəfədir ki, narazıların sayı 6 minə çatıb.
“Yoxlama prosesində insan faktoru olacaqsa, yəni insanın subyektiv qiymətləndirilməsi tətbiq edilsə, birmənalı şəkildə nəticələrdə mənfi hallar olacaq”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, ilk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazı qalıb: “Bu il 9-cu və 11-ci sinif şagirdlərindən bir çoxu buraxılış imtahanının nəticələrindən narazı qalıb. Situasiya tipli sualların qiymətləndirilməsindən narazı olan şagirdlər apelyasiyaya şikayət verib. Belə ki, ümumilikdə bir imtahan üzrə 6 min şagird apelyasiyaya müraciət edib. Yoxlama zamanı bəzən biliyin qiymətləndirilmə meyarlarına düzgün riayət edilməyib. İlk növbədə qeyd edim ki, cari ildə 9 və 11-ci siniflər üçün keçirilən buraxılış imtahanları kifayət qədər ciddi narazılıqlara səbəb olub. Belə ki, imtahanların keçirilməsindən sonra situasiya tipli test tapşırıqlarının yoxlanılmasında ciddi qüsurlar ortaya çıxıb. Öncədən müəyyənləşdirilən standartlar və meyarlar yoxlayanlar tərəfindən müvafiq yanlışlığa yol verilib. İlk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazılıqlarını bildirib. Təbii ki, imtahanların yoxlanılmasına təcrübəsiz tələbələrin cəlb edilməsi öz mənfi təsirini göstərib. Tələbələr, müəllimlərdən fərqli olaraq, yoxlama zamanı bəzən biliyin qiymətləndirmə meyarlarına düzgün riayət etməyiblər”.
Ekspert hesab edir ki, markerlər çox pul qazanmaq üçün nəticələri sürətlə yoxlayıb: “Bu gün ali təhsil müəssisəsinin 4-cü kursunda oxuyan tələbə qəbul imtahanı yoxlamaq imkanına malik deyil. Düzdür, DİM onları müəyyən təlimlərə cəlb edib, meyarları izah edir. Amma reallıq odur ki, onlar qısa müddətdə zəruri məlumatlara yiyələnə bilmirlər. Çünki imtahanlarda müxtəlif növ test tapşırıqlarından istifadə edilir. Marker müəyyən edilmiş vaxt ərzində bəzən daha çox pul əldə etsin deyə cavabları sürətlə yoxlayır, meyarlara baxmadan qiymətləndirir. Çünki DİM hər yoxlanılan testə görə vəsait ödəyir. Hesab edirəm ki, bu yanlış addımdır. Yoxlama prosesinə mütəxəssislər cəlb edilməlidir. Həmçinin, bu ilin buraxılış imtahanları onu göstərdi ki, biz situasiya tipli tapşırıqları çıxarmalıyıq. Yoxlama prosesində insan faktoru olacaqsa, yəni insanın subyektiv qiymətləndirilməsi tətbiq edilsə, birmənalı şəkildə nəticələrdə mənfi hallar olacaq. Buna görə də situasiya tipli suallar çıxardılmalıdır. Bunlar tələbələrə ehtiyac olan balın aşağı düşməsinə gətirib çıxarır”.
Günel CƏLİLOVA