Adı Vətənlə bir çəkilən Ayaz Şirəli oğlu Yusubov Lənkəran rayonunun Bəliton kəndində dünyaya göz açmışdı. O, Birinci Qarabağ müharibəsində Azərbaycanın müqəddəsliyini uca tutmaqla yağı düşmənə qarşı döyüşlərdə şəhid olub. Vətəninə, millətinə başucalığı gətirən bu şərəfli ölümü ilə həm də özünə ürəklərdə əzəmətli abidə ucaldıb. Mənən diri qalaraq əbədi yaşayan Ayazı lənkəranlılar hər an, hər yerdə ehtiramla xatırlayırlar. Onun xatirəsinə doğma kəndində bulaq kompleksi inşa edilib. Bu günlər onun açılışı oldu. Açılış tədbirində şəhidin ailə üzvləri, Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə, İcra hakimiyyəti aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak edirdi. Vətən yolunda özünü fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə açaraq dedi: - 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman Azərbaycan övladların qisası alınıb. Artıq ölkəmizin azadlığı uğrunda şəhid olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhları şaddır. Vətən müharibəsində Zəfərin qazanılması Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində mümkün oldu.
Onu da bildirək ki, şəhid Ayazın anası xəstə olduğuna görə oğlunun xatirəsinə həsr olunan bulaq kompleksin açılış mərasimdə iştirak edə bilmədi. Məhz bu səbəbdən tədbir iştirakçıları evində anaya baş çəkdilər, onun qayğıları ilə maraqlanıb və lazımi köməkliklər göstərdilər.
Şəhid anası dövlətidən hər zaman xüsusi qayğı və diqqət hiss etdiyi üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü