Son dövrlərdə qlobal iqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması bütün dünya üçün ciddi təhdidə çevrilib. Ekologiyanın korlanması artıq bütün canlılar üçün təhlükə mənbəyi yaradıb. Azərbaycan da dünyanın bir parçası olaraq bu proseslərdən geridə qalmır. Düzdür, ekologiyanın qorunması istiqamətində son illər bəzi addımlar atılır.
Bunlardan biri də havanı çirkləndirən köhnə avtomobillərdən imtina etməkdir. Bu səbəbdən də ekoloji cəhətdən təmiz sayılan minik vasitələrindən istifadə daha məqsədəuyğundur. Ancaq qeyd edilən avtomobil vasitələrinin kreditlə alışında problemlər yaşanır. Belə ki, ekoloji cəhətdən təmiz sayılan avtomobillərin kreditlə alışı üçün banklar ilkin ödəniş kimi 40 faiz tələb edir. Bu isə avtomobil almaq istəyənlərin narazılığına səbəb olur. Belə olan halda vətəndaşlar istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitələrini alır.
Eyyub Kərimli: “Ekoloji təmiz avtomobillərin kredit şərtləri sadələşdirilməlidir”
Iqtisadçı Eyyub Kərimli bildirdi ki, ekoloji təmiz avtomobillərin kredit şərtləri sadələşdirilməlidir: “Həm təhlükəsizlik, həm də ekoloji fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda avtomobil parkının yenilənməsinə böyük ehtiyac var. Ölkədə avtomobillərin sayı 1,5 milyona yaxınlaşıb. Bunların 86 faizi ili 7 ildən 10 ilə yaxınlaşan avtomobillərdir. Kredit şərtlərinin sadələşdirilməsi ölkəyə yeni və hibrid avtomobillərin gətirilməsinə və beləliklə, avtoparkın yenilənməsinə səbəb olacaq”.
E.Kərimlinin sözlərinı görə, Banklar Assosiasiyası tərəfindən bu məsələ ilə bağlı banklara tövsiyə verilib: “Yanvar ayından etibarən yeni hibrid avtomobillərə həm ƏDV, həm də vergi güzəştlərinin tətbiq olunmasının nəticəsi artıq görünür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il hibrid avtomobillərin sayı 74 faiz artıb. Bununla yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin də sayında artım müşahidə olunur”.
Fərid Hüseynov: “Azərbaycanda avtomobillərin kredit bazarında çətinliklər var”
Nəqliyyat eksperti Fərid Hüseynov bildirdi ki, Azərbaycanda avtomobillərin kredit bazarında çətinliklər var: “Yeni avtomobil kreditləri üçün ilkin ödənişin 20% civarında tələb edilməsi avtomobil kredit bazarını canlandıra bilər. 40 faiz ilkin ödəniş böyük məbləğdir və bu səbəbdən də buna gücü çatmayan vətəndaşlar məcbur olub xaricdən ucuz, bəzən qəza görmüş, istifadə müddəti bitmiş və ya bitməsinə az zaman qalmış avtomobilləri almağa məcbur olurlar. Bu isə ölkənin avtomobil parkının vəziyyətini pisləşdirir, ekoloji durumu daha da mənfiyə aparır”.
Günel CƏLİLOVA