Aşağı sərfiyyat, ucuz qiymət, sürətli gəlir... Son dövrlər Bakıda geniş yayılmış gündəlik maşın icarəsi bir çox işsizin qısa müddətli gəlir yerinə çevrilib. Sahibkar ucuz qiymətə və yanacaq sərfiyyatı az olan maşınları xaricdən gətizdirərək taksi sürücülərinə gündəlik icarəyə verir.
Adətən gündəlik icarə məbləği 20-25 manat arasında olur. Sürücülər icarə pulu ilə yanaşı, öz qazanc pulunu da çıxarmaq məqsədilə gün ərzində saatlarla avtomobil idarə edirlər. Təcrübəsizlik və yorğunluq isə qəzaları qaçılmaz edir. Son aylarda bu problem "Toyota Prius" və digər kiçik mühərrikli avtomobillərin timsalında müşahidə olunmaqdadır.
“Bakı şəhərində “Prius”ların iştirakı ilə baş verən qəzaların səbəbi bu avtomobilin xüsusiyyətlərindən irəli gəlmir”
Nəqliyyat sahəsiz üzrə eksperti Eldəniz Cəfərov bildirdi ki, ölkəmizə gətirilən “Prius”lar, əsasən, ömrünü başa vurmuş olur: “Adətən, bu avtomobillərin işlənmiş, təxminən 10-15 il bundan əvvəl istehsal olunmuş versiyaları ABŞ-dan Gürcüstan vasitəsilə Azərbaycana gətirilir. Həmin avtomobillərin bir qismi yararsız, istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Onların içərisində, təbii ki, yaxşı vəziyyətdə olanlar da var. Amma Azərbaycana, əsasən, ömrünü başa vurmuş avtomobillər gətirilir”.
E.Cəfərovun sözlərinə görə, bu gün Bakı şəhərində “Prius”ların iştirakı ilə baş verən qəzaların səbəbi bu avtomobilin xüsusiyyətlərindən irəli gəlmir: “İş orasındadır ki, bu avtomobillər Bakıda, əsasən, taksi xidmətində istifadə olunur. Bu gün taksi xidmətlərində daşınmalar mobil tətbiq vasitəsilə həyata keçirilir. Sürücülər telefonlara mobil tətbiq yükləyirlər və bütün günü, səhərdən gecəyə qədər sürücülərin diqqəti mobil telefondadır. Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir qismi heç də təcrübəli deyil və bu şəhərin xüsusiyyətinə uyğun taksi idarəetməsini bilmirlər. Bu qəzalar mobil tətbiqə başı qarışan həmin təcrübəsiz sürücülərin ucbatından baş verir.
Bu növ avtomobillər heç bir halda təhlükəli avtomobillər deyil. Sadəcə, “Prius”ları Azərbaycanda və həmçinin digər ölkələrdə cəlbedici edən bu nəqliyyat vasitələrinin ABŞ-da ikinci əl bazarında qiymətlərinin çox ucuz və qənaətcil olmasıdır. Həm texniki baxışı az xərc tələb edir, həm benzin sərfiyyatı olduqca azdır. Çünki bu modellər hibriddir. Yəni az xərcli və qənaətcil olduğuna görə bu avtomobillərə üstünlük verilir”.
Günel CƏLİLOVA