Səhiyyə sisteminin inkişafı, insanların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarından biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir.
İllərdir müzakirə edilən yeniliyin tətbiqi COVID-19 pandemiyasi səbəbindən bir az geciksə də, 2021-ci ilin 1 aprel tarixindən üçüncü mərhələdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun əhalisinin icbari tibbi sığortadan istifadə etməyə başlaması ilə prosesə tam start verildi. Yəni bununla da Azərbaycan ərazisində icbari tibbi sığortanın tam tətbiqinə başlanıldı.
Amma bir il keçməsinə baxmayaraq, bu sahədə hələ də boşluqlar müşahidə olunmaqdadır. Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində xidmətlərdən lazımınca yararlana bilmədiklərini qeyd edirlər. Bəzi klinikalarda iş nisbətən normal təşkil olunsa da, əksəriyyətində insanlar problemlərlə üzləşir. Bəzi xəstəxanalar icbari tibbi sığorta ilə xidmətdən yayınır, “Xidmətlər Zərfi”ndən məlumatı olmayanlara isə bu xidmətin icbari tibbi sığorta çərçivəsində qarşılanmadığını deyirlər.
Ümumiyyətlə, Azərbaycanda icbari tibbi sığorta tətbiq olunandan bəri əhalinin narazılığını eşidirik. Məlumatlara görə, icbari sığorta xəstələrin seçim hüququna mane olur. Məsələn, hər hansı rayon Mərkəzi Xəstəxanası istədiyi özəl tibb müəssiəsi ilə müqavilə bağlayır və öz xəstələrinə ancaq bu müəssisəyə göndəriş verir. Xəstənin istədiyi və ya güvəndiyi həkimə getməsi imkanı əlindən alınır.
Məlahət İbrahimqızı: “İcbari tibbi sığortanın tətbiqində bir sıra problemlər movcuddur”
Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, icbari tibbi sığortanın respublika üzrə tam tətbiqindən bir il ötür və bu, Azərbaycanda səhiyyə sistemində aparılan çoxtərəfli, çoxşaxəli islahatların bir hissəsidir: “İcbari tibbi sığortanın ölkədə tam tətbiqinə başlanılana qədər 3 rayonda - Mingəçevir, Ağdaş və Yevlaxda pilot layihə kimi həyata keçirilib. Pilot layihə nəticəsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuda vətəndaş məmnunluğu ifadə olunub. Bir sıra çətinliklər olsa da, ümumilikdə icbari tibbi sığortanın birinci ilini qənaətbəxş qiymətləndirmək olar.
İcbari tibbi sığortanın tətbiqində bir sıra problemlər movcuddur. Yeni “Xidmətlər Zərfi”ndə ötən ilə nisbətən daha çox tibbi xidmət nəzərdə tutulub. Əlbəttə, biz bu xidmətlərin daha çox olmasını istəyirik. Bəzi tibbi xidmətlər var ki, zərfə daxil deyil, bunun səbəbi həmin xidmətlərin göstərilməsindəki bəzi çətinliklər və maliyyə tutumunun çox olmasıdır”.
M.İbrahimqızının sözlərinə görə, dünyanın ən ideal səhiyyə sistemi olan ölkələrdə belə vətəndaşlar xidmətdən birdən-birə razı qalmayıb. Qardaş Türkiyə səhiyyə xidməti üzrə dünyada nümunəvi ölkələrdən biri olsa da, icbari tibbi sığortanın tətbiqinin ilk illərində orada da çox çətinliklər yaşanıb.
Əsabəli Mustafayev: “Sığortaçı Dövlət Agentliyinin tabeliyində olan istənilən xəstəxanada və yaxud Agentliklə müqaviləsi olan 57 özəl tibb müəssisəsinin hər hansı birində müalicə almaq hüququna malikdir”
Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, bu, qanun pozuntusudur: “Ağentliyin bu tələbi qanunsuzdur. Belə bir tələb hüquqi məsuliyyət yaradır. Sığortaçı Dövlət Agentliyinin tabeliyində olan istənilən xəstəxanada və yaxud Agentliklə müqaviləsi olan 57 özəl tibb müəssisəsinin hər hansı birində müalicə almaq hüququna malikdir. Bütün hallarda sığortaçının seçim hüququ tanınmalıdır”.
Günel CƏLİLOVA