Uşaqlar bizim gələcəyimizdir, ölkəmizin gələcəyi onların əlindədir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir və hər biri təkcə bir evin deyil, bütöv bir ölkənin, dövlətin işıqlı sabahıdır.
Hər uşaq bir Günəşdir, zərrə-zərrə ürəyimizə, həyatımıza işıq saçır, nur çiləyir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür və bu, Azərbaycanda da hər il qeyd edilir. Hər biri bir dünya olan, hər biri bir çiçək misallı balaların günündə onları təbrik etmək, sevindirmək, sevgimizi bir daha onlara hiss etdirmək borcumuzdur. Əlbəttə, hələ dünyada körpə gülüşü eşidilirsə, demək dünyada yaşamağa dəyər. Biz hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaları təbrik edirik. “Bakı-Xəbər” ailəsi olaraq bu dəfə də Nurmanın, Dəryanın, Emilin, Ziyanın, Şəhlanın, Nilayın, Ayanın, Aişənin, Zeydin, İslam, Nərgizin, Leylanın, Kənanın, Diananın, Banuçiçəyin, Suelin, Zeynalın, Mehracın, Mirayın, Zeydin, Turalın, Cavidin, Xədicənin, Jalənin, Əsgərin, Əlinin timsalında bütün balaları ürəkdən təbrik edirik.
Nurman, kamallısan sən İşıq amallısan sən
Ziya, nur payısan sən Günəşin tayısan sən!
Bu qız bizim Dəryadır, Bir aləmdir, dünyadır!
Emil, ağıllı bala Gəlməyəsən zavala.
Şəhla zərif çiçəkdir O hamıdan göyçəkdir.
Bu gözəl qız Nilaydır Həm ulduzdu, həm aydır.
Ayan ağıllı qızdı Göydə parlaq ulduzdu.
Aişə ay işığı Dünyanın yaraşığı.
Zeyddir, qənd-noğuldur Atasına oğuldur.
Bu oğlan İslamdır Ürəkdir, candır!
Cavid, ömrümün barı Yarı, bəxtindən yarı
Banuçiçək bir çiçək Gözəllikdə bir mələk.
Suel hələ körpədir Gələcəyə körpüdür.
Zeynal bala bir oğul Həm şəkərdi, həm noğul.
Nərgiz çiçəkdir, güldür Daim gülən könüldür
Jalə qonub çiçəyə Həmdəmdir kəpənəyə.
Şahmatçıdır bizim Zeyd. Edir bayramını qeyd.
Bu balaca Mehracdır Günəş başına tacıdır.
Bu qız Miraydı Bir parça aydı.
Tural atını çapar, Gizlənməyin, tez tapar.
Xədicə bir incidir Dünyanın sevincidir.
Diana gözəl qızdı, Göy üzündə ulduzdu.
Kənan bala boy atıb, Boyu Günəşə çatıb.
Leyla hamıdan gözəl Həm şeirdi, həm qəzəl.
Əli gedir idmana İdman xeyirdir cana
Bizim çempion Əsgər General olmaq istər...
Qoy həmişə Günəş olsun, qoy həmişə uşaqlarımız var olsun! Bayramınız mübarək, əziz balalar!