Əzəli yurd yerimiz Qarabağımızın yağıdan azad olmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Mahsun Zahir oğlu Bağırzadədir. Vətənin qeyrətini, müqəddəsliyini canından üstün tutan bu qalib şəhid Lənkəran rayonunun Xanbulan kəndində anadan olmuşdur. 22 yaşında ölməzliyə qovuşdu.
Vətən müharibəsi başlanan gündən Mahsun könüllü atıcı olaraq düşmənə qarşı döyüşə atılır. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda haqq savaşımızda sözün əsl mənasında, erməni dığalana qan uddurur. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şərəfli ölümü ilə Vətənə olan məhəbbətini bir daha sübut edir.
İndi qəhrəman Mahsun təkcə valideynlərinə mənsub deyildir. Vətən yolunda şəhidlik zirvəsinə ucalmaqla o, milyonların ürəyində özünə əzəmətli bir abidə ucaltmışdır. Millətinin qürur yeridir Mahsun. Vətən oğlu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medalları ilə təltif edilib.
Qalib şəhidin orta təhsil aldığı Lənkəran rayonu, Xanbulan məktəbində doğum günü qeyd olundu. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavinin, Lənkəran - Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektor müdirin, şəhidin ailə üzvlərin, şəhid ata-anaların, müharibə veteranların, ictimaiyyət nümayəndələrin, kənd ağsaqqalların, müəllimlər və şagirdlərin qatıldığı tədbirdə əvvəlcə şəhidin əziz xatirəsi böyük ehtiramla yad edildi, and yerinə dönən məzarı önünə təzə gül dəstələri qoyuldu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Mərziyə Əliyeva şəhid Mahsun Bağırzadənin döyüş yolundan, Vətən sevgisindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışdı. Çıxışının axirında bildirdi ki, İgid oğlumuz öz ölümü ilə Vətəninə, millətinə baş ucalığı gətirdi. Müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan Mahsun mənən diri qalaraq əbədi yaşayacaq.
Başqa çıxışçılarda Mahsunu cəsur, mərd döyüşçü, layiqli vətəndaş kimi xatırlayıb, onunla iftixar duyduğunu söylədilər.
Şəhidə həsr olunmuş video - çarxın nümayişindən sonra məktəbin şagirdlərinin ifasında bədii kompozisiya göstərildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü