Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət rəmzlərinin təbliğinə xüsusi önəm verilir. Bu sahədə aparılan iş əsasən ailədən başlamaqla mütəmadi olaraq bütün yaş dövrlərində davam etdirilir. Həmçinin, müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi milli dövlətçiliyimizin rəmzlərinə dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır.
Təəssüf ki, zamanla bəzi şəxslərin dövlət rəmzlərinə hörmətsiz yanaşdığını şahidi olmuşuq. Növbəti belə xoşagəlməz hal Azərbaycanda orta məktəbdə baş verib. Belə ki, Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktor müavini Reyhanə Qurbanova Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib.
Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Təhsil müəssisəsindən Reyhənə Qurbanovanın məktəbdə olmadığını dedilər.
248 saylı məktəb: “Şəkil çəkilən an kimsə çönüb arxaya baxmır ki, görsün yerə nəsə düşüb ya yox”
Məktəbin laborantı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə yayılan foto hər kəsin başına gələ bilər: “Şəkil çəkilən an kimsə çönüb arxaya baxmır ki, görsün yerə nəsə düşüb ya yox. Bu adi hadisədir, böyütməyə ehtiyac yoxdur. Foto dövlət tədbirində çəkilib. Bayraq bilərəkdən yerə atılmayıb, nə də heç kim bayrağı ayağının altına almaz”.
Hüseyn Axundov: “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı normalar təsbit olunub. Həmçinin, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Günel CƏLİLOVA