Bu il keçirilən buraxılış və qəbul imtahanları ilə bağlı narazılıqlar bitmir. Narazılıqların yaranmasına əsəs səbəb isə imtahan suallarının normadan çətin olmasıdır. Elə bu səbəbdən də son zamanlar ictimaiyyətdə Dövlət İmtahan Mərkəzinə (DİM) qarşı kampaniya başladılıb. Təhsil ekspertləri, media mənsubları və valideynlərin başlatdığı kampaniyanın əsas tələbi imtahan suallarının sadələşdirilməsi ilə bağlıdır.
Onu da qeyd edək ki, imtahan suallarının çətin olması üzündən abituriyentlər bəzi hallarda həyatına təsir edir. Demək olar ki, hər imtahandan sonra bir neçə gənc öz həyatına son qoyur. Son bir həftə ərzində 2 məktəbli intihar edib. Hər iki şagirdin intihar etməsinə səbəb isə imtahanda zəif nəticə göstərməsidir.
Ekspertlər hesab edir ki, DİM-in hazırladığı testlər şagirdlərin bilik-bacarıqlarına və səviyyəsinə uyğun deyil. Bunun üçün bir addım atmaq lazımdır. Suallar abituriyentlərin orta məktəbdə tədris edilən proqrama əsasən salınmalıdır.
Maraqlıdır, şagirdlər üçün akademik, DİM üçün bəsit görünən suallar sadələşəcəkmi?
“Keçiriləcək imtahanların tarixləri ən azı 6 ay öncədən müəyyən edilsin, bu, şagirdlərin daha hazırlıqlı olmalarına imkan yaradacaq”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, bu il buraxılış imtahanları əvvəlki illərlə müqayisədə daha tez, mart ayında keçirildi. Heç kəs üçün sirr deyil ki, orta ümumtəhsil məktəblərində oxuyan şagirdlərin nəticələri hazırlıq kurslarında repetitorlardan əldə etdiyi biliklərə əsaslanır. Bu kifayət qədər ciddi məsələdir: “Təbii ki, imtahanların mart ayında keçirilməsi, üstəlik həmin imtahanların tarixinin yanvar ayında elan edilməsi ilə arada çox qısa bir müddətin olması şagirdlər arasında ciddi psixoloji problemlərə səbəb oldu. Şagirdlər bir neçə ayın materialını qısa müddətdə mənimsəmək məcburiyyətində qaldı, bu üzdən bir çoxu lazımi bal toplaya bilmədi. Bu həqiqətən çox ciddi problemdir.
DİM hesab edir ki, bu yolla şagirdlərin əvvəlki illərdə qazandığı biliklər yoxlanılıb qiymətləndirilir. Amma bu tamamilə səhv yanaşmadır. Tövsiyə olunur ki, keçiriləcək imtahanların tarixləri ən azı 6 ay öncədən müəyyən edilsin, bu şagirdlərin daha hazırlıqlı olmalarına imkan yaradacaq.
İkincisi, təbii ki, təhsilin səviyyəsi davamiyyətlə bağlıdır. Amma orta ümumtəhsil məktəblərində şagirdlərin buraxılış imtahanlarında qazandığı nəticələr onların attestat alıb-almamağına təsir göstərməyəcək. Yəni birinci yarımildə bütün qiymtləri “3” olan şagird, ikinci yarımildə dərslərdə iştirak etməsə belə, problemsiz attestatını alacaq. Bu isə şübhəsiz ki, mart ayından sonra birmənalı şəkildə davamiyyətə öz mənfi təsirini göstərəcək. Hesab edirəm ki, növbəti illərdə buraxılış imtahanları ən tezi may ayında keçirilməlidir ki, şagirdlər daha yaxşı hazırlaşıb, daha yüksək nəticələr əldə edə bilsinlər. İstənilən halda imtahanların vaxtından əvvəl keçirilməsi yolverilməzdir”.
Həmsöhbətimiz hesab edir ki, bu sahədə yaşanan problemləri həll etmək üçün test səlahiyyəti tezliklə DİM-dən alınmalıdır.
Günel CƏLİLOVA